Vasif Talıbovun ötən ilin dekabrında könüllü şəkildə vəzifədən getməsindən sonra Naxçıvanda yeni siyasi şərait yaranıb. Fuad Nəcəflinin Azərbaycan Prezidentinin muxtar respublika üzrə xüsusi nümayəndəsi təyin edilməsi bölgədə siyasi-mənəvi ab-havanı dəyişib.
Naxçıvan üçün xarakterik olan qorxu mühiti aradan götürülüb, yerli idarəçilikdə yaltaqlıq, lüzumsuz sədaqət və məmura itaət prinsiplərindən imtina edilib. Yenisabah.az bildirir ki, dəyişiklik növbəsi artıq Vasif Talıbovun dövründən qalan məmurlara çatıb. Düzdür, "xan"ın sıradan çıxarılmasından sonra güc strukturlarında, vergi və gömrük orqanlarında kadr islahatları aparılıb, rüşvətxor və korrupsioner məmurların həbsi həyata keçirilib. Amma icra orqanlarında "kök atmış" talıbovçuların hamısını hakim komandadan uzaqlaşdırmaq mümkün olmayıb. Amma Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Rəcəb Rəhimlinin ötən həftənin sonunda Naxçıvanın Ordubad rayonuna icra başçısı təyin edilməsi ilə bu prosesə start verildiyini söyləmək olar.