Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (DYP) avtonəqliyyat vasitələri ilə səyahət turları təşkil edən hüquqi və fiziki şəxslərə müraciət edib.
DYP-dən Pravda.az-a verilən məlumatda deyilir:
"Hazırda səyahət məqsədilə regionlara təşkil olunan turların sayı mövsümlə əlaqədar olaraq əhəmiyyətli dərəcədə artıb. Belə səfərlər zamanı adətən müxtəlif turizm şirkətlərinin, bəzi hallarda isə qeyri-müntəzəm sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus avtobus və ya mikroavtobuslardan istifadə olunur. Lakin, təəssüf ki, əksər hallarda qeyri-müntəzəm daşımalar zamanı avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş və istirahət rejiminə nəzarət olunmur, nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına, gedəcəyi ərazidəki meteoroloji şəraitə, sürücünün idarəetmə təcrübəsinə diqqət yetirilmir ki, bu da yollarda, xüsusilə də dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin başvermə ehtimalını dəfələrlə artırır.