Ümumdünya Səhiyyət Təşkilatının yaydığı hesabatında bildirilir ki, koronavirusa dünyada son 4 həftə ərzində ümumilikdə 1 008 194 yoluxma halı, 3 132 ölüm qeydə alınıb. Daha öncəki 4 həftə ilə müqayisədə yoluxma hallarının sayı 7 faiz artıb, ölüm halları isə 53 faiz azalıb.
Bəs ölkəmizdə yoluxma arta bilər?
Məsələ ilə bağlı Trend-ə açıqlama verən infeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, koronavirusa yoluxma payız-qış mövsümündə yayılmaya meyilli olur.
"Bunun əsas səbəbləri mövsümlə əlaqədar olaraq qapalı yerlərdə daha çox vaxt keçirmə, günəşli günlərin az olması, immun sisteminin zəifləməsidir. Bu səbəbdən payıza doğru koronavirusa yoluxanların sayında az da olsa artım gözlənilir. Belə ki, Çin, Tayvan kimi ölkələrdə kollektiv immun sistemi formalaşmayıb. Orada koronavirusun geniş yayılma ehtimalı hələ də qalmaqdadır. Belə olduğu halda ölkəmiz üçün də təhlükədir".
M.Əliyev qeyd edib ki, hazırda Azərbaycanda virusa qarşı tam kollektiv imunitet formalaşıb.
"Yoluxma az da olsa artsa qadağalara gedilməsi ehtimalı yoxdur. Bütün bunlara baxmayaraq gigiyenik qaydalara əməl olunmalı, müəyyən yerlərdə maska taxılmalıdır", - deyə o, əlavə edib.