“Göyçə Zəngəzur Respublikası”nın prezidenti və “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin rəhbəri kimi təqdim edilən Rizvan Talıbov və “respublika”nın yeni prezidenti olduğu bildirilən, müvəqqəti olaraq Türkiyədən Azərbaycana gəlmiş Tünzalə Çələbiyevanın Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalarla bağlı axtarışlar aparılaraq, sorğulanmaları ilə əlaqədar istintaq orqanına aparıldıqları bildirilir. “Qafqazinfo”nun məlumatına görə, hazırda hər iki şəxslə əlaqə saxlanılması mümkün deyil.
Xatırladaq ki, 2022-ci ildə “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin rəhbəri Rizvan Talıbov “Göyçə Zəngəzur Respublikası”nın yaradıldığını elan etmiş, onun “respublika”nın dövlət başçısı olduğu, həmçinin “respublika”nın öz parlamenti, nazirlər kabinetinin olduğu iddia edilmişdi. (Qeyd olunan təşkilatların Qərbi Azərbaycan İcması ilə heç bir bağlılığı mövcud deyil).
Sentyabrın 19-da Türkiyənin Ankara şəhərində “respublika”nın nümayəndəliyinin açıldığı bəyan edilmişdi.
2023-cü ilin yanvar ayında “Göyçə Zəngəzur Respublikası” və “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyi tərəfindən Rizvan Talıbovun “Göyçə Zəngəzur Respublikası”na rəhbər vəzifələrə təyinatları barədə məlumatlar və siyahı yayılmışdı.