Bu gün Azərbaycanın sevilən yazıçılarından olan Əlisa Nicatın ad günüdür. Yazıçının 88 yaşı tamam olur. “Qaynarinfo” olaraq Əlisa Nicatı doğum günü ilə bağlı təbrik etdik. Yazıçı bu əziz gününü həmişə öz evində keçirdiyini bildirdi.
- Bu günə kimi evimdən başqa yerdə ad günü keçirməmişəm. Mən ancaq evimdə rahat oluram. Dostlar sağ olsun, dəvət edirlər, məclis təşkil edirlər, amma getmirəm. İctimai televiziyada bir dəfə mənə həsr olunan veriliş hazırladılar, ancaq ora gedib gəldim, vəssalam. 88 yaş zarafat deyil. Ona görə oturmuşam Masazırdakı evimdə, dincəlirəm. Evimin də şəraitinə söz ola bilməz. Gəlib düzəltdilər, insan yaşayası hala saldılar. Güzgü kimi bir ev verdilər mənə. Sağ olsunlar, dünyada hələ də insanlıq itməyib, gözəl insanlar varmış. Eyvanı bağlayıb şüşəbənd ediblər. Kitablarım yerdə idi. Köhnə şkafları atıb təzəsini aldılar. Evdə nə varsa hamısını təzələyiblər. Hamam da evin içindədir. Bir sözlə, indi bilirəm ki, yaşayıram.
- Evinizin təmirini kim edib, sizə kimlər dəstək oldu?
- Şahbaz Xuduoğlu və iki xanım, vəssalam.
- Xanımlar kimdir, adını deyə bilərsiniz?
- Biri Qənirə xanım, biri də Zemfira.
- Yəqin ki, söhbət Milli Məclisin deputatı Qənirə Paşayevadan gedir.
- Yox əşi, nə deputat, bu ayrı Qənirə xanımdı. Zemfira xanım da onun qızıdır. Ziyalı ailədəndirlər. Deyəsən şirkətləri var, təmir-bərpa işlərini onun hesabına etdilər. Allah onları saxlasın, mənə qalsaydı, bir şkaf da ala bilməzdim.