"Biz, bu günlərdə təsis edilmiş “Environmental Protection First” Koalisiyası olaraq, Ermənistan Respublikasının Ətraf Mühit Nazirliyinin Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Vedibasar (Ararat) rayonunun Arazdəyən (Yerasx) ərazisində tikilməkdə olan metallurgiya zavodu ilə bağlı yaydığı cavab bəyanatını qınayırıq".
Pravda.az xəbər verir ki, bu barədə koalisiyanın bəyanatında qeyd olunub.
"Bu irimiqyaslı metallurgiya zavodunun tikintisi beynəlxalq səviyyədə qəbul edilmiş standartlara və prinsiplərə, xüsusən də Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə BMT-nin Avropa İqtisadi Komissiyası Konvensiyasının (Espo Konvensiyasının) tələblərinə açıq şəkildə məhəl qoymur. Espo Konvensiyasi ekoloji problemlərin milli sərhədlərdən kənardakı ərazilərə də təsir etdiyini qəbul edir və birdən çox ölkənin təsirləndiyi müəyyən vəziyyətlər üçün beynəlxalq dialoqun vacibliyini vurğulayır. Azərbaycan tərəfi ilə qarşılıqlı razılaşma olmadan sərhəd boyu ərazidə belə bir obyektin tikintisi transsərhəd situasiyalarda ətraf mühitə təsirin qiymətləndirilməsinə yönəlmiş 1991-ci il Espo Konvensiyasının tələblərinin açıq şəkildə pozulması deməkdir. Həm Azərbaycan, həm də Ermənistan bu Konvensiyanı ratifikasiya ediblər. Espo Konvensiyasının təlimatlarına uyğun olaraq, tikinti ilə bağlı Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi sənədi tikinti olan əraziyə yaxın olan Azərbaycan ərazisində yaşayan sakinlərin, eləcə də eko-fəalların rəyi nəzərə alınmaqla, Azərbaycanın müvafiq qurumları tərəfindən araşdırılmalıdır.
Belə bir böyük zavodun tikintisi nəticəsində transsərhəd kontekstdə yaranan ətraf mühitə müdaxilə ilə bağlı Ermənistan Azərbaycanın heç bir qurumu və ya təsirə məruz qalan əhali ilə kommunikasiya qurmayıb. Məşhur ekoloq Garrett Hardin qeyd edirdi ki, bütün su axarlarının çirklənmə təhlükəsi var, ümumi torpaqlardan istifadə hüququnun qanunlara əsasən idarəolunması və aidiyyəti şəxslərin təmkinli şəkildə qarşılıqlı razılaşma əldə etməsi vacibdir. Əks halda, bu, “hamı üçün faciə”yə çevriləcək.
Ermənistan tərəfinin cavabı əməkdaşlığı inkar etmək, Espo Konvensiyasının tələblərini pozmaq və mövzudan yayınmaqdır. Ermənistan tikinti ilə bağlı dialoq və qərar qəbuletmə proseslərində fəal iştirak etmək, zərərin həcmini ölçmək və potensial həllərin müəyyən edilməsi üçün beynəlxalq QHT-lər və region ölkələrinin vətəndaş cəmiyyəti nümayəndələrini (Azərbaycan və Gürcüstandan olan QHT-lər də daxil olmaqla) cəlb etməli, eləcə də texniki ekspertiza, monitorinq və qiymətləndirmə aparmaq üçün əlverişli mühit yaratmalıdır.
Espo Konvensiyasının 3.1 və 3.7-ci maddələrinə, eləcə də həmin Konvensiyanın I Əlavəsinin 4-cü bəndinə istinad edərək, Azərbaycan tərəfi rəsmi olaraq Ermənistandan Arazdəyəndə (Yerasx) həyata keçirilən fəaliyyətlərdən irəli gələn mənfi transsərhəd təsirlərə dair hərtərəfli məlumat tələb edib. Bu məlumatın verilməsi Ermənistanın beynəlxalq öhdəliyidir. Azərbaycan tərəfinin guya Arazdəyəni (Yerasxı) atəşə tutması ilə bağlı Ermənistanın cavabında irəli sürülən əsassız ittihamlar tamamilə yalandır və qəbuledilməzdir. Biz ekoloji fəlakətlə bağlı dərin narahatlıqlarımızı dilə gətirsək də, Ermənistan bunu bilərəkdən siyasiləşdirir və mövzudan yayınmağa çalışır. Bu cür təxribatlar ekoloji pozuntular üçün kamuflyaj ola bilməz.