Özünü Cənubi Qafqazda “femenist həmrəylik” və “femenist sülh” ideyalarının dəstəkçisi elan etmiş “Femenist Sülh Kollektivi” platforması “Total müharibə, blokada və hökmranlığa qarşı Qarabağla/Artsaxla həmrəy olmalıyıq” başlığı ilə bəyanat yayıb. Platformanın sosial hesabında isə bu bəyanat aşağıdakı təqdimatla verilib:
1) Qarabağda/Artsaxda nə baş verir?
2) Hegemonluq nədir və Azərbaycan dövlətinə niyə lazımdır?
3) Həmrəylik vaxtıdır!
Diqqət etdinizsə, azərbaycanlı “feministlərin” bəyanatında toxunulan hər üç mövzu Azərbaycan dövlətinin əleyhinə, Ermənistanın isə lehinədir. Söhbət, faktiki olaraq, erməni təbliğatında istifadə olunan tezislərdən gedir. Bəyanatdan bir hissəni diqqətinizə çatdırıram: “12 dekabr 2022 tarixindən etibarən Əliyev rejimi tərəfindən göndərilən bir qrup “eko-aktivistlər” Laçın/Berdzor dəhlizi boyunca hərəkətin qarşısını alaraq Qarabağdakı/Artsaxdakı erməniləri blokadaya almışdılar. Bunun davamında yol üzərində nəzarət məntəqəsini yerləşdirən Azərbaycan 23 apreldən bəri Qarabağa/Artsaxa giriş-çıxışı tam nəzarətdə saxlayıb,son həftələrdə bunu tamamilə məhdudlaşdırmışdır. Nəticədə isə Qarabağda/Artsaxda ciddi maddi qıtlıq, qaz və elektrik çatışmazlığı, aclıq, tibbi və s. xidmətlərə çıxışın olmaması humanitar fəlakətə gətirib çıxarmışdır”.
Bəyanatda rəsmi Bakını Qarabağın erməni əhalisi ilə Yevlaxda görüş təklifinə də toxunulur və bildirilir ki, bu təşəbbüs “Qarabağın/Artsaxın Azərbaycana tabeçiliyi təmin etmək, paralel şəkildə bölgənin demilitarizasiyalaşdırılması və 2025-ci ilədək Qarabağda/Artsaxda mandatı olan Rusiya sülhməramlılarının çıxarılması ilə total nəzarəti ələ keçirməkdir”.
Bəyanat Azərbaycan “hegemonluğundan” qurtulmaq üçün femenist həmrəylikdə göstərmək, birliyə çağırışla yekunlaşır. Əslində isə bu tezislər və çağırış femenist həmrəylik üçün deyil , “Azərbaycana qarşı birləşin” çağrışı kimi səslənir.
“Femenist Sülh Kollektivinin” təsisçiləri Lalə Darçınova, Sevinc Samadzadə və Səadət Abdullazadədir. Onu da xatırladaq ki, onların hər üçünün adı əsası 2018-ci ildə Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyan tərəfindən qoyulmuş və 44 günlük müharibəsinin əvvəlində “sülhə çağırış” edən “Qadınlar sülh uğrunda” riyakar sülh hərəkatına qoşulmuş azərbaycanlıların sirasında yer alır.