Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınmış suveren sərhədində - Ermənistanla sərhəddəki Laçın rayonunda sərhəd buraxılış məntəqəsi təsis etməsindən sonra ermənilər həm dövlət, həm də diaspor səviyyəsində anti-Azərbaycan ictimai-siyasi fəaliyyətlərini intensivləşdiriblər. Daşnak ideologiyası ətrafında birləşmiş ermənilər rəsmi Bakı üzərində beynəlxalq təzyiqin artırılması üçün bütün səviyyələrdə fəaliyyətlərini koordinasiya edirlər.
Son dövrlərdə xüsusilə də iki “cəbhə”də - beynəlxalq münasibətlər səviyyəsində və beynəlxalq mediada Azərbaycan əleyhinə fəaliyyətlərin intensivləşdirildiyi müşahidə edilir. Nəticə etibarilə, son günlərdə ermənilərin xahiş və minnəti ilə və ya prosesdən umulan dividentlər səbəbilə əcnəbi siyasətçilərin İrəvanın və Qarabağdakı separatçıların ritorikası ilə həmahəng bəyanatlarının sayı artıb. Məsələ ilə bağlı öz fikri olmayan və ya ayrıca fikir yazmaqdan çəkinənlər isə bir çox hallarda Qərb mediasında yayımlanmış birtərəfli, qərəzli yazıları paylaşmaqla “ümumerməni davası”na töhfə verməyə çalışırlar. Bu baxımdan son dövrlərdə xüsusilə də ABŞ mediası ermənilərin anti-Azərbaycan informasiya müharibəsinin tezislərinin inkişaf etdirildiyi, yeni ideyaların təklif olunduğu plasdarma çevrilib.
Əslində, burada qeyri-adi nəsə yoxdur. Çünki ABŞ 30 il ərzində necə davranıbsa, indi də elə davranır. Vaşinqtonun həmişə ikili standartlardan çıxış etdiyi gün kimi aydındır. Çox təəssüf ki, beynəlxalq münasibətlər sistemində ikili standartlar hələ də hökm sürməkdədir. Bunu da vurğulamaq lazımdır ki, ABŞ-də erməni böyük təbliğat resursları var ki, bütün bunlar təbii ki, alınan qərarlara təsirsiz ötüşmür. Elə bu səbəbdən amerikalı konqresmənlər erməni lobbisinin əlində oyuncağa çevriliblər.
ABŞ Dövlət Departamentinə yaxın “Vaşinqton post” və digər media orqanlarında yenidən Azərbaycana qarşı böhtan kampaniyasına start verilib. Bu, ilk hal deyil. Bu ölkənin beynəlxalq təşkilatlardakı nümayəndəliklərinin, Dövlət Departamentinin qeyri-rəsmi “mətbuat orqanı” kimi tanınan mətbu orqanları mütəmadi olaraq Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər.
Məsələn, ABŞ Dövlət Departamentinin qeyri-rəsmi mətbuat orqanı sayılan “Vaşinqton Post“ qəzetində son 6 gün ərzində Azərbaycana qarşı 3 məqalə dərc edilib. Birtərəfli, qərəzli və qeyri-dəqiq bu məqalələrin hər birində məsələnin yalnız bir tərəfinə - “erməni iztirabları”na fokuslanılması onların sifariş və ya xahiş əsasında hazırlandığını deməyə əsas verir. Təsadüfi deyil ki, bütün məqalələrdə Ermənistan rəsmilərinin tezislərində keçən açar sözlərdən istifadə edilir, qavrayış idarəetməsinə çalışılır. Məsələn, məqalələrdə dəfələrlə guya Azərbaycan tərəfindən Laçın yolu “bağlanaraq” ermənilərə qarşı “soyqırımı” siyasəti həyata keçirildiyi iddia edilir. “Soyqırımı” sözünün ermənilərin və onların havadarlarının tezislərində dəfələrlə istifadəsi, vurğulanması təsadüf deyil. Bu yolla bir tərəfdən son yüzillikdə milli kimliyini, milli düşmən obrazlarını məhz bu söz üzərində inşa edilmiş ermənilər Azərbaycan əleyhinə aparılan kampaniyaya səfərbər edilir, digər tərəfdən isə beynəlxalq “həyəcan”ın tətiklənməsinə çalışılır.
Lakin fakt göz qarşısındadır, Azərbaycanın Qarabağda soyqırımı həyata keçirmək kimi bir niyyəti olsaydı, bu, özünü 44 günlük müharibə zamanı özünü göstərərdi. Separatçıların və Ermənistan əsgərlərinin 30 il boyunca istehkama çevirdiyi Qarabağı iki aydan az bir müddətdə geri alan Azərbaycan Ordusunu Xankəndinin bir addımlığında dayandıran əslində rəsmi Bakının potensial mülki itkilərin qarşısını almaq, bu yolla xalqlar arasında ədavətin daha da güclənməsinə yol verməmək, həmçinin Xankəndidəki separatçı rejim tərəfindən əsir götürülmüş öz erməni vətəndaşlarını təhlükəyə atmamaq istəyindən qaynaqlanıb.