Bu gün, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində göstərilən səylər Ermənistanın məqsədyönlü gərginlik və revanşizm siyasətinin qurbanına çevrilib və ciddi çağırışlarla üzləşir.
Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib.
Qeyd edilib ki, 2022-ci ilin dekabrında ilk uğursuzluğuna baxmayaraq, Ermənistan yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirməyə cəhd göstərir: “Bununla yanaşı, Ermənistan 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsinin və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayan bir ölkədir.
Ermənistanın bölgədə "humanitar vəziyyətin pisləşməsi" və "davam edən blokada" ilə bağlı əsassız iddialarla əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciəti növbəti dəfə beynəlxalq tərəfdaşlar vasitəsilə balanslı, beynəlxalq hüquqa əsaslanan və məqbul həll yolu tapmağa yönəlmiş səylərə Ermənistanın qəsdən və məqsədyönlü şəkildə mane olduğu bir zamanda baş verir.
Məlum olduğu kimi, son üç il ərzində Ermənistanın Laçın yolundan geniş miqyasda sui-istifadə etməsi halları Azərbaycanın öz sərhədində təhlükəsizlik və asayişi təmin etmək məqsədilə sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis olunması üçün legitim və hüquqi tədbirlər görməsini zəruri edib. Ermənistanın bu səyləri "blokada" kimi təqdim etməyə çalışmasına, nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması barədə qərar qəbul etmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsinə baxmayaraq, məhkəmə 6 iyul tarixli qərarında bu tələbi yekdilliklə rədd edib.
Ermənistan Azərbaycan ərazisindən tam çıxarılmamış silahlı qüvvələrin ehtiyaclarını təmin və təchiz etməkdən, habelə Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq istismar etməkdən məhrum olması reallığı ilə barışmayıb. Bu səbəbdən, Ermənistan bütün dünyada təbliğat kampaniyasına başlayıb, sərhəd-buraxılış məntəqəsinin normal fəaliyyəti, eləcə də Azərbaycanın Qarabağ bölgəsinə yüklərin çatdırılması üçün “Ağdam-Xankəndi” yolu kimi digər marşrutlardan istifadə edilməsinə qarşı bir sıra hərbi və digər maneələr törədib”.
Bəyanatda o da bildirilib ki, bu yaxınlarda, bir sıra intensiv məsləhətləşmələr və “məkik diplomatiyası” səylərindən sonra nəhayət Qarabağ bölgəsinə humanitar yüklərin müxtəlif marşrutlarla çatdırılması, həmçinin Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün təşkili ilə bağlı razılıq əldə edilmişdi: “Birinci məsələ üzrə, yerli sakinlərin ehtiyaclarını ödəmək məqsədilə, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) vasitəsilə humanitar yüklərin çatdırılmasına şərait yaratmaq üçün Ermənistan tərəfindən Ağdam-Xankəndi yolundan istifadənin qarşısının alınması məqsədilə qoyulmuş beton və bütün digər fiziki maneələr aradan qaldırılmalı idi. Bunun ardınca, 24 saat ərzində BQXK-nın Laçın yolundan istifadəsinin intensivləşməsi baş tutmalı idi. Rusiya sülhməramlı kontingenti və BQXK daxil olmaqla bütün tərəflər bu razılaşmanı praktiki olaraq həyata keçirməyə hazır idilər.
İkinci məsələ üzrə isə, Yevlaxda Azərbaycanın xüsusi nümayəndəsi və yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün keçirilməsi barədə razılıq əldə olunmuşdu.
Lakin, 5 avqust 2023-cü ildə Ermənistan öz qondarma rejimi vasitəsilə siyasi motivli, qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürməklə əldə olunmuş hər iki razılıqdan son anda boyun qaçırdı.
Başqa sözlə, Ermənistanın bütövlükdə beynəlxalq ictimaiyyət və xüsusilə BMT Təhlükəsizlik Şurasından tələb etdiklərinə, bir neçə gün əvvəl tərəfdaşların, o cümlədən Təhlükəsizlik Şurasının üzvlərinin dəstəyi nəticəsində həqiqətən nail olmaq mümkün idi. Bu, yalnız Ermənistanın özünün imtina etməsi səbəbindən baş vermədi.