Qərbi Azərbaycan İcması “Human Rights Watch” və “Amnesty International” təşkilatlarına məktublar göndərərək, Ermənistanın etnik təmizləmə aparması və qovduğu azərbaycanlıların öz evlərinə qaıytmalarının qarşısını alması nəticəsində azərbaycanlıların pozulmuş hüquqlarının bərpasında iştirak etmələrini xahiş edib.
Pravda.az xəbər verir ki, bu barədə İcmanın müraciətində bildirilib.
“Azərbaycanlı əhalinin Ermənistandan zorla qovulması, insan ləyaqəti və bərabərlik prinsiplərinə xələl gətirməklə, beynəlxalq konvensiya və müqavilələrə zidd olmaqla, insan hüquqlarının çoxsaylı və kobud pozuntulara səbəb olub. Ermənistan orada yaşamış azərbaycanlılara qarşı qırğın, terror, hədə-qorxu törətməklə, əmlaklarını qanunsuz ələ keçirməklə, onları təhlükə və ya az dəyərli varlıqlar kimi qələmə verən sistemli təbliğat və insanlıqdan məhrumetmə kampaniyası aparmaqla, onların hərəkət azadlığını və resurslara çıxışını məhdudlaşdırmaqla etnik təmizləmə aparıb. Ermənistan hakimiyyət orqanları, həmçinin azərbaycanlıların qəbiristanlıqlarını, dini ocaqlarını, mədəni və tarixi abidələrini dağıdıb. Ermənistan hökuməti bunları törədərək azərbaycanlıları fiziki olaraq didərgin salmaqla kifayətlənməyib, həm də onların bir etnos kimi izlərini o torpaqlardan silməyə cəhd edib.
1987-1991-ci illərdə Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə nəticəsində bu gün həmin ölkədə bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistan qovduğu yüz minlərlə azərbaycanlının geri qayıtmaq hüququnu təmin etməkdən imtina etməklə, onların iztirablarını daha da artırır. Ermənistan dəfələrlə etdiyimiz çağırışlara rəğmən, bizimlə insan hüquqlarımız mövzusunda dialoqa başlamaqdan belə qəti şəkildə imtina edir. Biz dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətimizi açıq şəkildə təsdiqləsək də, eləcə də geri qayıtmaq hüququmuza dair tələbimizin Ermənistanın ərazi bütövlüyünə xələl gətirməsi kimi qələmə verilməməli olduğunu aydın şəkildə bəyan etsək də, Ermənistan destruktiv yanaşmasını davam etdirir.
Azərbaycan əhalisinin Ermənistandan zorla qovulması çoxsaylı fundamental insan hüquqları prinsiplərinin və beynəlxalq konvensiyaların kobud və çoxşaxəli pozulmasıdır. Qətliamlar, hədə-qorxu, nifrət təbliği ilə amansız etnik təmizləmənin həyata keçirilməsi və qayıtmaq hüququnun inkarı sonu bitməz insan iztirabları, parçalanmış icmalar və dərin ədalətsizliklərə gətirib çıxarmışdır. Ermənistanın hərəkətləri Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Pakt, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiya və digər beynəlxalq sənədlərdə təsdiq edilmiş bərabərlik, ayrı-seçkiliyə yol verməmək və insan ləyaqəti prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir. Bu dərin pozuntuları aradan qaldırmaq, zərərçəkmiş əhalinin hüquqlarını bərpa etmək və insan hüquqlarına, ədalətə və bərabərliyə sadiqliyi təsdiqləmək üçün təcili və güclü beynəlxalq müdaxilə zəruridir.
Şübhəsiz ki, geri qayıtmaq hüququnun təmin olunması ədaləti bərpa etmək, sülh və barışıq əldə etmək üçün beynəlxalq səylərin mərkəzində olmalıdır.
Bu pozuntuların ağırlığını və miqyasını, həmçinin qarşıda duran vəzifələri nəzərə alaraq, təşkilatlarınızın missiyasına və təşəkkül tapmış təcrübəyə uyğun olaraq, təcili şəkildə aşağıdakı tədbirləri görməyinizi xahiş edirik:
Sənədləşmə: Şahid ifadələri, fotoşəkillər, videomateriallar və digər sənədlər da daxil olmaqla, azərbaycanlıların Ermənistandan zorla qovulması, həmçinin Ermənistanın qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmaq hüququndan istifadə etməsinə əngəl törətməsi ilə bağlı insan hüquqlarının pozulmasına dair sübutların toplanması və sənədləşdirilməsində peşəkar yardımınızı xahiş edirik.