Avqustun 15-də Milli Məclisin sədri Sahibə Qafarova, Milli Məclisin xarici ölkələrlə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları Azərbaycanın Qarabağ bölgəsinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi hissəsində Ermənistan tərəfindən beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq məqsədi güdən cəhdlərlə əlaqədar beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıblar.
Milli Məclisdən bildirilib ki, mmüraciətdə Azərbaycanın beynəlxalq humanitar hüquqa və insan hüquqları üzrə normalara sadiq olduğu bir dahavurğulanır, Ermənistanın “blokada” və ya “humanitar böhranlar”la bağlı səsləndirdiyi əsassız iddialar qəti şəkildə rədd edilir, bunun Ermənistanın Azərbaycana qarşı apardığı geniş təbliğat kampaniyasının bariz təzahürü olduğu diqqətə çatdırılır.
Bildirilir ki, Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir, orada yaşayan etnik ermənilər isə Azərbaycan sakinləridir. Bu regionun “Dağlıq Qarabağ” adlandırılması Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, milli qanunvericiliyinə və coğrafi adların istifadəsi ilə bağlı BMT-nin normativ bazasına ziddir.
Azərbaycanın suveren ərazisində yerləşən, eksterritorial statusu olmayan"Laçın dəhlizi" adlanan yola gəlincə, Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla bağlı öhdəliklərinə sadiq qalaraq, bu yol boyunca hərəkətə icazə verib.Lakin Ermənistan yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş bu marşrutdan Azərbaycan ərazisində qanunsuz olaraq mövcud olan 10000-ə yaxın silahlı qrupun rotasiyası, oraya silah, döyüş sursatı və minaların gətirilməsi, habelə bu ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması və ixracı kimi qeyri-qanuni hərbi və digər fəaliyyətlər üçün ardıcıl və açıq şəkildə sui-istifadə edib.
Müraciətin mətnində deyilir ki, 23 aprel 2023-cü il tarixində Azərbaycan öz suverenliyini və təhlükəsizliyini qorumaq üçün legitim hüququnu həyata keçirərək, Ermənistan-Azərbaycan dövlət sərhədində Laçın yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsi qurmuşdur ki, buna da bu yoldan yuxarıda qeyd olunduğu kimi Ermənistan tərəfindən geniş şəkildə sui-istifadə edilməsi səbəb olmuşdur.
Ermənistan Azərbaycan ərazisindən tam şəkildə çıxarılmamış silahlı qüvvələrini təmin etmək və saxlamaq, eləcə də Azərbaycanın təbii sərvətlərini qeyri-qanuni yolla çıxarmaq üçün vasitələrdən məhrum olmaq reallığı ilə barışa bilməyib, manipulyasiya və beynəlxalq ictimaiyyəti çaşdırmaq kampaniyasına başlayıb.
Xüsusilə qeyd olunur ki, Ermənistanın Azərbaycanın Laçın sərhəd keçid məntəqəsini qanunsuz kimi qələmə vermək cəhdlərinin əksinə olaraq, Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) 6 iyul 2023-cü il tarixli Qərarı ilə Azərbaycanın şəxsi heyətinin Laçın yolundan çıxarılması ilə bağlı Ermənistanın müraciətini yekdilliklə və qəti şəkildə rədd etmişdir. Bununla da, Məhkəmə Ermənistanın sərhəd-keçid məntəqəsinin qanunsuz olması və onun Laçın yolunun hərəkətinə mane olması ilə bağlı sayıqlamalarını rədd edib.
Müraciətdə bildirilir ki, sərhəd keçid məntəqəsi yaradıldıqdan sonra Azərbaycanın Qarabağ regionundan Ermənistana mülki əhalinin hərəkəti xeyli artmış, cari ilin iyun ayının 15-dək bu məntəqədən 2000-dən çox şəxs keçmişdir. Həmin gün Ermənistan silahlı qüvvələri Azərbaycan sərhədçilərinə və Rusiya sülhməramlı qüvvələrinə basqın etmiş, nəticədə Azərbaycan sərhədçisi ağır xəsarət almışdır.Bu hücum təkcə Azərbaycan sərhədçilərinə qarşı yönəlməyib, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşlarına və nəzarət-buraxılış məntəqəsindən keçən mülki şəxslərə birbaşa təhlükə yaradıb. Busilahlı təxribat BQXK-nın Qarabağ regionundan Ermənistana tibbi məqsədlərlə gedən bir qrup Ermənistan sakinini müşayiət etdiyi bir vaxtda baş verib, hücumun məqsədi Laçındakı yolun və sərhəd keçid məntəqəsinin uğurlu fəaliyyətini pozmaq olub.
Ermənistan Azərbaycanın Laçın yolunu qəsdən bağladığı barədə yalan iddiaya əl ataraq, gələcəkdə analoji xarakterli insidentlərin törədilməyəcəyinə zəmanət verməkdən imtina edir, bununla da, faktiki olaraq sərhəd keçid məntəqəsinin işinin tam bərpa olunmasına mane olur.
Müraciətdə vurğulanır ki, Azərbaycan öz növbəsində dəfələrlə Ermənistanı sərhəd və gömrük qurumları vasitəsilə fiziki şəxslərin, yüklərin və xidmətlərin maneəsiz və təhlükəsiz transsərhəd daşınmasını təşviq etmək üçün əməkdaşlığa çağırsa da, bu çağırışlar bu günədək Ermənistan tərəfindən cavabsız qalmaqdadır.
Ermənistanın Azərbaycandakı qeyri-qanuni silahlı qruplaşmalarını təchiz etmək məqsədilə ikili təyinatlı bəzi malları qaçaqmalçılıq yolu ilə keçirmək üçün BQXK-nın konvoylarından istifadə etmək inadkarlığına və ehtiyatsız cəhdlərinə baxmayaraq, Azərbaycan təcili tibbi yardım məqsədilə yerli erməni sakinlərinin Ermənistana keçidini asanlaşdırmağa davam edir. Qaçaqmalçılığa gəlincə, BQXK-nın humanitar mandatına və reputasiyasına xələl gətirən bu həyasız hərəkət təşkilat tərəfindən açıq şəkildə etiraf edilib.