“Doğum günümə ən yaxşı hədiyyə Naxçıvanda, İrəvanın sərhədində Ağrı dağına baxmaq oldu”. “Report” xəbər verir ki, bunu İrəvan xanının varisi Əmir Əli Sərdar İrəvani bildirib.
“Fürsətdən istifadə edib, İrəvanın və Naxçıvanın Azərbaycandan ayrı düşməsindən danışmaq istəyirəm. Naxçıvan Azərbaycanın qalan hissəsindən təcrid olunub. Təyyarə ilə buraya gələrkən İrəvanın və Göyçə gölünün üzərindən uçurduq və səmadan ata yurduma baxırdım. Çox gözəl, eyni zamanda üzücü mənzərə idi. Təəssüf ki, buraya ancaq təyyarə ilə gəlmək mümkündür. Məsələn, Arazdan başqa, bəzi tərəfləri də görmək istəyirdim. Mən buraya Zəngəzur dəhlizi ilə gəlmək üçün fürsət axtarırdım. Bu mümkün olmadı. Bu dəfə təyyarə ilə gəldim, bəlkə, növbəti dəfə qismət olar”, - İrəvan xanının varisi vurğulayıb.