Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonun etimadnaməsini qəbul edib.
Pravda.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra səfirlə söhbət edən dövlət başçısı Azərbaycan ilə Tacikistan arasında münasibətlərin qardaşlıq və dostluq xarakteri daşıdığını vurğulayıb, hökumət üzvləri, parlamentlər, ictimai təşkilatlar xətti ilə daim təmasların və qarşılıqlı səfərlərin həyata keçirildiyini deyib.
Prezident İlham Əliyev Tacikistana dövlət səfərini məmnunluqla xatırlayıb, səfər çərçivəsində aparılmış müzakirələr zamanı müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində ardıcıl fəaliyyətin həyata keçirildiyini bildirib. Dövlət başçısı Tacikistana səfəri zamanı bu ölkənin və Düşənbənin inkişafının şahidi olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti iqtisadiyyat, ticarət, nəqliyyat, logistika və digər sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün bir çox təşəbbüslərin olduğunu diqqətə çatdırıb, ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndiyini qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanın və Tacikistanın regionları arasında əməkdaşlığın və şəhərlərarası birbaşa əlaqələrin yaradılmasının vacibliyini bildirib.
Səfir, ilk növbədə, Tacikistan Prezidenti Emoməli Rəhmonun salamlarını dövlətimizin başçısına çatdırıb.