Avropa İttifaqı Azərbaycanda QHT-lərin qeyri-leqal maliyyələşlməsini həyata keçirir.
Qanunvericiliyə əsasən, xarici qurumlar Azərbaycanda dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına qrant və ianələri Ədliyyə Nazirliyinin razılığı əsasında ayıra bilər. Lakin təcrübə göstərir ki, Qərb institutları heç də qanuni prosedurlara riayət etmir və müxtəlif yollarla QHT-lərə, statusu bilinməyən təşkilat və platformalara vəsaitlər ayırır.
Avropa İttifaqı da Azərbaycan qanunlarını pozaraq QHT-lərin maliyyələşdirilməsini qeyri-leqal şəkildə həyata keçirir.
Maraqlıdır ki, son vaxtlar dövlət əleyhinə yönəlmiş bir neçə layihə məhz “iştirak evi” adlı platforma üzərindən həyata keçirilir. Araşdırmalar göstərir ki, “İştirak evi”ndə keçirilən layihələr Qərb dairələri - ABŞ səfirliyi və Avropa İttifaqı institutları tərəfindən maliyyələşdirilir.
Tədbirlərin təşkilatçıları kimi çıxış edən şəxslərin mütləq əksəriyyəti isə ultra-liberal, LGBT, feminist, “no war”çı şəxslərdir.
"İştirak evi" Vətən müharibəsinin əleyhinə çıxan "no war"çıların iddialarını, LGBT fəallarının fikirlərini ictimailəşdirməyə, onların səsini ucaltmağa çalışan platforma kimi məqsədyönlü fəaliyyət göstərir.
Avropa İttifaqının qeyri-qanuni şəkildə belə layihələri maliyyələşdirməsi təbii olaraq ciddi suallar doğurur.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, araşdırma jurnalistika ilə məşğul olan Yeganə Hacıyeva APA-ya açıqlamasında deyib ki, Avropa İttifaqı xüsusilə Şərq tərəfdaşlığı proqramına daxil olan ölkələr - Azərbaycan, Ukrayna, Moldova, Belarus, Gürcüstan, və Ermənistan üçün demokratiya, insan haqları və media mövzusunda inkişafa dəstək olacaq qrant layihələr elan edib:

“Layihənin istiqaməti demokratiya, inan haqlarını əhatə etsə də, oraya “ictimai maraq kəsb edən mövzular” adlı bənd də əlavə olunub. Bu bəndə əsasən, media istiqamətində ictimai maraq kəsb edən mövzular üzrə jurnalist araşdırmalarının həyata keçirilməsini maliyyələşdirmək nəzərdə tutulub. Məhz bundan yola çıxanlar ixrac olunan dəyərlər üzərindən ictimai maraq trendləri formalaşdırmaq üçün ictimai-siyasi camiədə fikir liderlərini hərəkətə gətiriblər. Qeyd etməliyəm ki, 2023-cü il Azərbaycan üçün istər Avropa İttifaqı, istər Avropa Şurası, istər Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi, istər çoxsaylı qrant təşkilatları, istərsə də USAID daha çox qrantları peşəkar medianın inkişafı, vətəndaş jurnalistikasının təşviqi, media ehtiyaclarının qiymətləndirilməsi və ictimai maraq kəsb edən mövzularda sosial media fəallığının artırılması ilə bağlı fəaliyyət istiqaməti üzrə müəyyənləşdirib. Qrantların həyata keçirilməsi ilə elan edilən hədəflər isə uyğun gəlmir. İctimai maraq kəsb edən mövzulardakı yeni trendlər isə LGBT fəallarının, “nowar”çıların fikirlərini ictimailəşdirərək, Azərbaycan internet resurslarında onların fikir formalaşmasında iştirak etmələrinə dair mənzərə yaratmaqla onlara dəstək verirlər. Nümunə üçün qeyd edim ki, 2023-cü ildə Azərbaycanda ictimai sektor üzrə qrant layihələr təqdim edən təşkilatların siyahısında fəallıq göstərənlərdən biri də Avropa Şurasıdır. Avropa Şurası sosial, iqtisadi, mədəni və digər istiqamətlər üzrə layihələrə ümumilikdə 4.5 milyon avro vəsait ayırıb. Lakin dediyim kimi, bunlar sadəcə bilinən donorlardır və bilinməyənlərin sayı daha çoxdur”.
Yeganə Hacıyevanın sözlərinə görə, Avropa Şurasının öz səhifəsində 4.5 milyon vəsaitin necə xərclənməsi ilə bağlı hesabatda ancaq yarım milyonun necə paylanması ilə bağlı səhih məlumat var: “Yerdə qalan maliyyənin necə paylanması ilə bağlı isə heç bir məlumat yoxdur. İlin 8 ayı artıq geridə qaldığı üçün demək ki, geridə qalan 4 milyon da paylanılıb.
Belə hallarda isə təcrübə onu göstərir ki, Qərb institutları, adətən, demokratik inkişafı hədəfləyən layihələr adı altında var olduqları ölkələrdə kənar maraqları, mədəniyyətləri, dəyərləri ixrac edirlər.