Cəlilabad rayonunda 1996-cı il təvəllüdlü Valeh qısqanclıq zəminində həyat yoldaşı Xatirəni (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.
Pravda.az Teleqraf.com-a istinadən xəbər verir ki, Valeh 15 oktyabr 2022-ci ildə arvadı Xatirənin iki azyaşlı övladları ilə birgə Bakıda kirayədə yaşadığı dövrdə tanış olduğu Sahil ilə sevgi münasibətləri qurduğuna əmin olub.
Bu səbəbdən aralarında yaranmış mübahisə ilə əlaqədar Xatirə ondan ayrılaraq övladlarını götürüb Cəlilabad rayonunda kəndlərdən birinə atasının evinə qayıdıb. Valeh arvadını qısqanclıq hislərinin təsirindən öldürmək qərarına gəlib.
Cinayətkar niyyətini həyata keçirmək üçün oktyabrın 20-də Cəlilabad şəhərinə gedib və təsərrüfat malları satılan mağazadan 8 manat dəyərində balta alıb.
Daha sonra Valeh oktyabrın 21-də, gecə saat 3 radələrində arvadı və onun ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin həyətinə daxil olub. O, arvadının əlində olan baltanı görərək oradan uzaqlaşarsa cinayətkar niyyətini həyata keçirə bilməyəcəyi təhlükəsini aradan qaldırmaq üçün baltanı arvadı və ailə üzvlərinin görə bilməyəcəyi yerə, lakin özünə əlçatan olması üçün evin divarına söykəyib.
Bundan sonra Valeh Xatirəni səsləyib və arvadı evin pəncərəsinə yaxınlaşdıqda aralarında mübahisə yaranıb. Mübahisə zamanı qısqanclıq zəminində arvadını öldürmək məqsədilə həmin vaxt yerdə olan baltanı götürüb və arvadının yaxasından yapışaraq pəncərədən özünə tərəf çəkib. Baltanın çapıcı-kəsici tərəfi ilə onun baş və boyun nahiyələrinə bir neçə zərbə endirib.