Ötən həftə saytımızda Qubada yaşayan tanınmış jurnalist Cəmil Məmmədlinin videomüsahibəsi yayımlanmışdı.
O, müsahibəsində araşdırdığı səs-küylü qətl hadisəsinin açılmasının qarşısını almaq üçün bəzi qüvvələrin onu saxta ittihamlarla həbs etdirmək istədiyini bildirmişdi.
C.Məmmədlinin sözlərinə görə, 2010-cu ilədə yaşadığı evdə qətlə yetirilən “Arzu” Ticarət Mərkəzinin direktoru Nəcimə Babayevanın övladları ondan üstü açılmayan bu cinayətlə bağlı jurnalist araşdırması aparmağı xahiş ediblər. Araşdırma zamanı bəzi müəmmalı məsələlərin ortaya çıxması tərəflər arasında narazılığa səbəb olub. Jurnalist bildirib ki, bundan sonra rayonda kifayət qədər gücə sahib olan Babayevlər ailəsi onun həbsinə çalışan Qubanın keçmiş icra başçısı Ziyəddin Babayevlə birləşərək, oyun qurublar.
Müsahibə dərc olunduqdan sonra qətlə yetirilən iş adamı Nəcimə Babayevanın oğlu Fuad Həbibov Bakupost.az -la əlaqə saxlayaraq, jurnalistin Həbibovlar ailəsinin ünvanına əsassız ittihamlar səsləndirdiyini, bəzi məsələlərə aydınlıq gətirmək istədiyini bildirdi.