Bu gün – 28 aprel tarixi Azərbaycan tarixinin təqviminə “işğal günü” olaraq düşüb. Sovet İmperiyasının tərkibində olduğumuz 70 il ərzində bu tarixi bizə “xilas günü” kimi sırıdılar. Halbuki, 1920-ci ilin 28 aprel tarixi Qırmızı Ordunun kommunizm adı altında Azərbaycanı işğal etməsi və Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması ilə nəticələndi.
70 il sonra Azərbaycan müstəqilliyini yenidən bərpa etdi və 28 aprel tarixinin işğal günü olduğu açıq şəkildə dilə gətirildi. Buna tarixi proses olaraq baxmaq olar və məqsədimiz heç də tarixi hadisələri sadalamaq deyil.
Azərbaycanın müstəqillik tarixinə nəzər yetirəndə bunu üç mərhələli proses adlandırmaq olar:
Birinci mərhələ, Azərbaycan Xalq Cümhuriyyəti.
İkinci mərhələ, SSRİ-nin dağılması ilə müstəqilliyin bərpası.
Üçüncü mərhələ, müstəqilliyin güclənməsi və gerçək suverenliyin əldə edilməsi.

Bu bizim tariximizdir və tarixi mühakimə etmək doğru deyil, lakin gerçək müstəqilliyin nə olduğunu anlamaqda fayda var.
Birinci mərhələdə, müstəqillik olduqca kövrək idi. Cümhuriyyəti quranlar nə qədər çalışsa da, real müstəqillik əldə edə bilmədilər. Tarixi faktlar təsdiqləyir ki, bu müstəqillik daha çox kağız üzərində yazılmış “Azərbaycan Xalq Cümhuriyyəti” adından ibarət idi. Ölkənin idarəçiliyində, hətta, dövlət atributlarının müəyyən edilməsində xalqın iradəsi mövcud deyildi. Nəticədə müstəqilliyin birinci mərhələsi 23 ay davam etdi və işğalla sona çatdı.
İkinci mərhələ meydanlardan başladı, qan töküldü və xalq öz müstəqilliyinə nail olmağı bacardı. Amma xalqın qanı üzərindən qazanılan müstəqillik ölkəni idarə edənlər tərəfindən təhlükəyə atıldı. Qarabağın işğalı ilə nəticələnən daxili çəkişmələr, başqa ölkələrin paytaxtlarında axtarılan xilas yolları, cəbhədə döyüşən ordunun siyasi intriqalara alət edilməsi məqsədilə paytaxa gətirilməsi, hökumət böhranı, özbaşınalıq və saydıqca bitməyən səbəblər. Faktiki olaraq, xalqın meydanlarda qazandığı müstəqillik siyasi kulislərdə yox olmaq təhlükəsi ilə üzləşdi və Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu təhlükə aradan qalxdı.

Heydər Əliyev hakimiyyətdə olduğu 10 il ərzində keçmiş hakimiyyətin özündən sonra qoyduğu xarabalığı inşa etmək, ordudan tutmuş sosial-iqtisadi sferaya qədər bütün sahələrdə inkişafa nail olmaq, bir sözlə ölkəni qurmaq istiqamətində çalışdı. Bu müstəqilliyin üçüncü mərhələsi olsa da, yenə də əsl müstəqillik qazanmaq üçün çatışmayan amillər var idi. Heydər Əliyev dövrün siyasi tələblərinə uyğun strategiya həyata keçirməklə Azərbaycanın gerçək müstəqillik əldə etməsi istiqamətində doğru addımlar atdı. Belə demək mümkünsə, üçüncü mərhələni, real müstəqilliyi hazırladı.


