İş adamı, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimovun fəaliyyətində qaranlıq məqamlar zaman keçdikcə üzə çıxır. İctimaiyyət getdikcə anlayır ki, heç də hər şey təqdim edildiyi kimi vətənpərvərlikdən və humanizmdən irəli gəlmir. Ortada tamam başqa məqsədlər, niyyətlər var. Bu barədə “Globalinfo.az” saytı məlumat dərc edib. Əldə olunan milyonların, milyardların cüzi hissəsi tələbələrin təhsilinə, ayrı-ayrı insanların sosial problemlərinin həllinə, xeyriyyəçilik məsələlərinə yönəldilir. Bu fəaliyyətin PR-ı aparılır. İctimai rəy manipulyasiya edilir. Nəticədə hətta qatı cinayətkar belə insanların gözündə qəhrəmana çevrilir. Ancaq bu işlərin alt qatında o qədər çirkli, eybəcər məqamlar var ki, normalda, onların açıqlanması istənilən mesenatı bitirə bilər.
Bu yazıda Mübariz Mənsimovun öz personası və fəaliyyəti ətrafında qurduğu PR (piar) mexanizmi barədə bilgilərimizi bölüşəcəyik. Əvvəlcədən deyək ki, bu fəaliyyət “Palmali” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsindən – Fazil Qasımovdan uzanan xətdir. Bu xətt Azərbaycan müxalifətinin bəzi qanadına, bir sıra jurnalistlərə, xaricdə yaşayan radikallara, Türkiyədəki iş adamlarına, rəsmi şəxslərə, media mənsublarına, Avropadakı ermənilərə və onların işbirliyində olduğu qruplara kimi gedib çıxıb. Mübariz Mənsimovdan gələn tapşırıqların icrasını isə birbaşa şirkətin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Fazil Qasımov həyata keçirib.
Xatırladaq ki, Fazil Qasımov bu il avqust 8-də Türkiyədə həbs edilərək Bakıya gətirilib. Onun həbsinin FETÖ şəbəkəsi ilə bağlı olduğu deyilir.

Fazil Qasımov və Erekan Erkut
Fazil Qasımovun Mübariz Mənsimovla tanışlığının tarixçəsi birincinin Özyegin Universitetində təhsil aldığı dövrə təsadüf edir. Universitetin rektoru Erekan Erkut vasitəsilə Mübariz Mənsimovla tanış olan Fazil Qasımov əvvəlcə onun maddi imkanlarından yararlanaraq təhsilini davam etdirib, sonra isə Mənsimovun maliyyələşdirdiyi “Hilal Academy” xaricdə təhsil mərkəzinin təsisçisi olub. Bu qurum vasitəsilə M.Mənsimov Türkiyədəki azərbaycanlı tələbələrə nüfuz etməyə başlayıb, onların təhsil haqqını ödəyib və digər köməkliklər göstərib. 2020-ci ilin martında “Palmali”nin rəhbəri həbs edildikdən sonra Fazil Qasımov fəaliyyət istiqamətini dəyişib və şefinin müdafiəsinin təşkilinə başlayıb. Bu prosesə fəal şəkildə keçmiş ANS-çi Fidan Bayraməliyeva və vəkil Fatih Turhan cəlb ediliblər. Məhz bu dövrdən Mübariz Mənsimov gizli cəbhədə fəaliyyətini genişləndirir və bununla da onun bütün kontaktları üzə çıxmağa başlayır.
M.Mənsimovun təşkil etdiyi qrup Böyük Britaniya, Malta, Sinqapur və digər bu kimi ölkələrin reyestrlərindən azərbaycanlılar haqqında məlumatlar əldə edir, müxtəlif dosyelər hazırlatdırır, Britaniyanın Milli Cinayət Agentliyinə ötürür. Prosesin daha təsirli olması üçün M.Mənsimovun göstərişi ilə “Amsterdam & Partners LLP” və “Omnia Strategy LLP” kimi hüquq şirkətləri ilə müqavilələr imzalanır və əldə olunan məlumatlar bu şirkətlər vasitəsilə Qərb mediasına ötürülərək yayımlanır.
Digər istiqamət kimi “Azərbaycan saatı”nın təsisçisi və aparıcısı Qənimət Zahid, “Azad söz” kanalının təsisçisi Tural Sadıqlı, “Taym” TV-nin təsisçisi Fikrət Hüseynli, hüquqşünas Vidadi İsgəndərli – Azərbaycan hakimiyyətini ən sərt şəkildə tənqid və hətta təhqir edən şəxslərlə əlaqələrin inkişaf etdirilməsi götürülüb. Fazil Qasımov vasitəçi kimi M.Mənsimovun hədəfinə gələn şəxslər barədə ifşaedici materialları yüksək maliyyə müqabilində yuxarıda adları çəkilən şəxslər vasitəsilə yayımlayıb. Bundan başqa, yenə də pul müqabilində həmin şəxslər Mübariz Mənsimovun müdafiəsinə qoşularaq onun xeyrinə öz resurslarında və sosial şəbəkələrdə ardıcıl məlumatlar paylaşıblar.

