Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən icra edilən minatəmizləmə əməliyyatları zamanı Xocavənd rayonunun Bulutan kəndi ərazisində tərk edilmiş yaşayış evlərində əldəqayırma( improvizə edilmiş) partlayıcı qurğular aşkar olunub.
ANAMA-dan verilən məlumata görə, bir yaşayış evinə birləşik təsərrüfat tikilisində odun qalağının arasında 1 ədəd PQ-7L raketinin döyüş başlığı, üzərinə qəlpə köynəyi qismində atıcı silah patronlarının yapışqan lent vasitəsilə bağlanması və əl qumbarası partladıcısının təzyiqdən boşalma prisipi ilə quraşdırılması ilə hazırlanmış sürpriz partlayıcı qurğu aşkarlanıb:
"Eyni zamanda, bir evin qarşısında altına bağlamada F-1 modelli əl qumbaraları yerləşdirilmiş PMN-Э minası, bir məhlə arası keçiddəki çoxillik ağacın koğuşunda dəmir qutunun içərisinə kustar üsulla hazırlanmış, geniş radiusda qəlpələnmə yaradılması məqsədilə mismarlarla gücləndirilmiş, MUV tipli partladıcı ilə təchiz edilmiş, 3 ədəd birbirinə bağlı VOQ-17 silah qumbarasından ibarət əldəqayırma partlayıcı qurğu aşkar edilib. Əlavə olaraq bir həyətdəki təndirxananın girişinin üstündə plastik boruda gizlədilmiş MUV tipli partladıcı ilə quraşdırılmış RQ-42 əl qumbarası ilə POMZ-2M minasının birləşdirilməsindən hazırlanmış tələ qurğu, habelə kəndarası əsas yol yaxınlığındakı bir ot damında tələ məftilinin bir ucu götürülərkən minanı işə salması üçün dəmir yanacaq qabına bağlanmış halda, OZM-72 modelli tullanaraq havada qəlpələnən piyada əleyhinə mina aşkarlanıb".
Qeyd edilib ki, əvvələr bu ərazilərdə etnik erməni əhalisi məskunlaşıb: "Aşkar olunan tələ-minaları ərazini tərk edərkən bu yerlərdə qəsdən yerləşdirilib.
İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən aparılan davamlı qeyri-texniki və texniki tədqiqat, eləcə də minatəmizləmə əməliyyatları nəticəsində keçmiş təmas xətti ərazilərindən kənardakı mülki təyinatlı sahələrin ciddi şəkildə minalanması müəyyən olunub.