Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.
Layihəmizdə bu dəfə sabiq mədəniyyət naziri Anar Kərimovdan bəhs edəcəyik.
Anar Kərimov 1977-ci il iyunun 3-də Füzuli rayonunda anadan olub. O, 1998-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili və filologiyası ixtisasını oxuyub. 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsini alıb.
O, İraqda (Əl-Mustansiriyyə Universiteti), Misirdə (Diplomatik Tədqiqatlar İnstitutu), Avstriyada (Vyana Diplomatik Akademiyası), İtaliyada (San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu), Polşada (Beynəlxalq Qızıl Xaç Komitəsi) və s. diplomatik kurslarda iştirak edib.
Anar Kərimov diplomatik karyerasına 2000-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin insan haqları, demokratikləşmə və humanitar məsələlər idarəsində attaşe, üçüncü katib kimi başlayıb.
O, 2004–2008-ci illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin üçüncü və ikinci katibi işləyib. 2008–2009-cu illərdə Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər şöbəsində birinci katib vəzifəsində çalışıb. Anar Kərimov 2010–2014-cü illərdə isə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin müşaviri, müvəqqəti işlər vəkili vəzifələrində işləyib.
23 may 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib. Daha sonra isə o, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib.
Anar Kərimova 9 iyul 2019-cu ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. 20 iyul 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Anar Kərimov Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin olunub.
