Ötən il vəfat edən Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) ictimaiyyətə məlum olmayan varisi ortaya çıxıb. Yenisabah.az-a danışan Rövşən Süleymanlı mərhum sənətkarın birinci nikahından olduğunu açıqlayıb: "Bu günə qədər mətbuatda mənim adım çəkilməyib. Süleyman Abdullayevin birinci nikahından dünyaya gələn övladıyam, məni anam təkbaşına böyüdüb.
Atamı isə ilk dəfə 24 yaşımda görmüşəm. Həmin yaşdan sonra isə toplasan ümumilikdə atamı 100 dəfədən çox görmüş olmaram. Bu görüşlər də ildə 1-2 dəfə olub. Anamla atam ailə quranda anam yetkinlik yaşına çatmayıb, mən 1969-cu ildə dünyaya gəlsəm də, mənə doğum haqqında şəhadətnamə 1971-ci ildə verilib.
Bu gün atam da, anam da haqq dünyasındadır, onların hərəsinin öz həqiqətləri var idi, lakin əsl həqiqəti bu günə qədər bilmirəm. Bildiyim yeganə şey odur ki, anamla atam arasında mübahisə yaşanıb və ayrılıblar. Anam isə o qədər qürurlu qadın olub ki, mənə öz soyadını verib.
Mənə yadigar qalan şey isə atamla anamın toy fotoşəklidir. Anamla atamın toyu o vaxt çox dəbdəbəli keçirilib, məclisdə İslam Rzayev, Aftandil İsrafilov, Bəhram Mansurov, Qulu Əsgərov kimi məşhur simalar iştirak edib".
R.Süleymanlı atasının vəfatından sonra varislikdən məhrum olduğunu bildirib: "Mən heç vaxt atamdan nə isə istəməmişəm. Lakin o, dünyasını dəyişəndən sonra ortaya müxtəlif problemlər, yalanlar çıxdı. Mən varislikdən məhrum oldum. Atam vəfat etdikdə Hollandiyada idim, daha sonra 6 ay Fransada qalmalı oldum. Həmin vaxt Azərbaycanda olmadığım üçün hüquqi məsələləri qaldıra bilmədim. Əlimdə sənədlər, faktlar var.
Atam dünyasını dəyişdikdən sonra bacım Aygünün müsahibələrindən birini oxudum və onunla əlaqə saxladım. Söhbət əsnasında mənə dedi ki, atamın sözlərinə görə, o mənə hər şey edib. Mən hər şeyi bağışlayardım, amma atamın adından yalan danışılmasını heç vaxt bağışlaya bilmərəm.
O vaxt anam dünyasını dəyişəndə atam məni yanına çağırdı, övladlarımla birgə onunla görüşə getdim. Həmin vaxt rəhmətlik atam cibindən ev açarları çıxardı və dedi ki, Rövşən, mən sənə heç nə etməmişəm, bu evi sənə verirəm, mənə də Prezident bağışlayıb.