Ermənistanın hərbi-siyasi rəhbərliyinin əsas iş prinsipinin yalan və manipulyasiya üzərində qurulduğu artıq heç kəsə sirr deyil. Diplomatik və hərbi uğursuzluğa düçar olan kimi dərhal erməni təbliğat maşını işə düşür və dünyaya yalanlar tirajlamağa başlayır. Amma 2020-ci ildəki müharibədə Ermənistanın biabırçı məğlubiyyətindən sonra rəhbərliyin tirajladığı yalanların əksəriyyəti sabun köpüyü kimi partlamağa başlayıb. İstər suriyalı muzdlular, istərsə də Türkiyə ordusunun Qarabağdakı hərbi əməliyyatlara cəlb olunması ilə bağlı tirajlanan feyk xəbərlər heç bir rezonansa səbəb olmadı. Bu yalanlar, sadəcə, Ermənistanı dəstəkləyən Fransa, İran, Yunanıstan kimi ölkələrin mətbuat orqanlarını bəzəməkdən başqa heç bir işə yaramadı.
BMT Təhlükəsizlik Şurasında tərs şillə alan Ermənistan rəhbərliyi bu dəfə də dövriyyəyə yeni yalanlar buraxmağa başladı. Amma hər zaman olduğu kimi, bu yalanlar hələ tirajlanmadan “partlayaraq” qəlpələrini Ermənistanın siyasi rəhbərliyinin üzərinə səpir. İstənilən erməni yalanı və feyk məlumat Azərbaycan diplomatiyasının sərrast və dəqiq cavabları ilə puça çıxır. Erməni təbliğat maşını BMT uğursuzluğundan sonra yeni manipulyasiyalara, yalanlara əl atmağa başladı. Bununla belə, hər bir yalan növbəti uğursuzluğa düçar olmaqla yanaşı, erməni cəmiyyətinin silkələnməsinə, Paşinyan kabineti ilə xalq arasında yaranan uçurumu daha da dərinləşdirməyə başladı.
Arazdəyən istiqamətində Ermənistanın metallurgiya zavodu inşa etmək cəhdi Azərbaycanın sərt mövqeyi ilə dalana dirənmişdi. Bu zavodu inşa etmək üçün bayraq şousundan tutmuş, müxtəlif manipulyasiyalara əl atan erməni rəhbərliyi istənilən halda bu zavodu istifadəyə verəcəyini dəfələrlə bəyan etmişdi. Amma sən saydığını say, gör fələk nə sayır! Beynəlxalq tribunalarda, səfirlər və XİN başçıları ilə görüşdə qaldırılan hay-küy heç bir nəticə vermədi. Artıq Ermənistan rəhbərliyi tüpürdüyünü yalamağa məcbur olaraq zavodun başqa əraziyə köçürülməsi ilə bağlı qərar qəbul edildiyini etiraf etməyə məcbur qalıb.
BMT Təhlükəsizlik Şurasının iclasında uğursuzluğa düçar olan erməni diplomatiyası yeni ümid yeri kimi üzünü Ermənistanın Müdafiə Nazirliyinə tutdu. İclasdan dərhal sonra Ermənistan MN az qala gün ərzində iki-üç dəfə Azərbaycan Silahlı Qüvvələrinin, xüsusən də, Kəlbəcər rayonu istiqamətində, Zod qızıl mədəni istiqamətində atəşkəsi pozması barədə yalan tirajlamağa başladı.
Ermənistan ordusunda son dövrlər baş verən hərc-mərclik, zorbalıq, əsgər intiharları, seksual zorakılıq halları artıq biabırçı həddə çatıb. Artıq elə bir həftə yoxdur ki, Ermənistan KİV-də bu səpkidə xəbərlər yayılmasın. Zorlanan, döyülən və öldürülən əsgərlərlə bağlı cəmiyyətdə baş verə biləcək xaosun qarşısını almaq üçün Müdafiə Nazirliyinin atəşkəsin pozulması barədə nağılı bu tip xəbərləri ört-basdır etməkdən başqa bir məqsədə xidmət etmir. Eyni zamanda, erməni siyasi elitası da bu xəbərlərin tirajlanması ilə Azərbaycanı dünyaya təcavüzkar kimi göstərməkdə canfəşanlıq edir. Guya atəşkəsin pozulması sərhədyanı kəndlərdə əhalini narahat edir, insanların həyatına mənfi təsir göstərir. Bu isə dünya ictimaiyyətinin diqqətini məsələyə cəlb etmək, Azərbaycan Ordusunun zorba obrazını yaratmaq cəhdindən başqa bir şey deyil. Amma sərhədyanı kənd icmalarının rəhbərləri bilərəkdən və ya bilməyərəkdən bu yalanları ifşa edərək Azərbaycan əsgərlərinin mülki əhaliyə atəş açmadığını, kənddə həyatın öz axarı ilə davam etdiyini, ara-sıra güllə səsi eşitdiklərini bildiriblər. Sonradan isə baş nazirlik aparatının təzyiqi ilə bəzi kənd icmaları açıqlamalarını “bəzəmək” məcburiyyətində də qalıblar.
Azərbaycan Ordusunun hətta 44 günlük müharibə dövründə mülki şəxslərə atəş açmadığı artıq bütün dünya tərəfindən qəbul edilib və rəğbətlə qarşılanıb. Belə olduğu halda, erməni təbliğat maşınının tirajladığı xəbər boşluğa atılan güllədən başqa bir şey deyil. Amma Ermənistan Müdafiə Nazirliyinin dezinformasiyaları ilə paralel bir vaxtda Qarabağda yaşayan erməni separatçıları da bu illüziyaya qapılaraq gündə bir-iki dəfə Azərbaycan Ordusunun tarlada işləyən mülki əhalini atəşə tutması barədə xəbərlər yaymağa başladılar. Hər dəfə də şüşəsinə bir güllə dəymiş traktor, əkin sahəsində “atəş”ə məruz qalan hayın hay-küyü heç İrəvanda da eşidilmədi. Separatçıların tirajladığı yalanlar bununla bitmədi. Aylardır “blokada” şəraitində yaşayan ermənilərin qida və dərman ləvazimatı qıtlığı yaşadığı barədə tirajlanan yalanı elə Qarabağ ermənilərinin sosial şəbəkə hesablarındakı foto və videoları ilə təkzib edildi.