Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın keçdiyi parlaq həyat yolu Vətənə və xalqa xidmət nümunəsidir. Hazırda misilsiz inkişaf mərhələsini yaşayan respublikasının qazandığı uğurlara dəyərli töhfələr verən Mehriban xanım ictimai-siyasi həyatda, dönməz xarakter alan islahatlar prosesində fəal iştirakı, milli mədəniyyətimizin dünyada tanıdılması istiqamətində yorulmaz fəaliyyəti, vətənpərvərliyi və xeyirxahlığı ilə xalqımızın sevimlisinə çevrilib. Onu haqlı olaraq Azərbaycan humanizminin simvolu adlandırırlar. Şəhid ailələrinə, qazilərə xüsusi diqqət, valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərdiyi analıq qayğısı bunun bariz nümunələridir. Vətən müharibəsi zamanı ordumuza verdiyi mənəvi dəstək, milli həmrəyliyə xidmət edən çağırışları daim minnətdarlıq duyğuları ilə xatırlanır.
Milyonların sevgisini qazanmış Mehriban xanım Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən yaxın silahdaşı kimi bu gün onunla çiyin-çiyinə Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsində öncüllük edir. Onun Vətən və xalq qarşısında daha bir önəmli xidməti Ulu Öndərin ideyalarının həyata keçirilməsi sahəsində göstərdiyi aramsız səylər və çoxsaylı layihələrdir. Sərhəd tanımayan xeyirxahlığı, nəcibliyi birinci xanım Mehriban Əliyevaya təkcə Azərbaycanda deyil, yaxın və uzaq xaricdə milyonların məhəbbətini qazandırıb. O, həmçinin Azərbaycanda təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı, milli maraqların beynəlxalq aləmdə müdafiəsi, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində yorulmadan çalışır.
Doğma Vətənin ən böyük təəssübkeşlərindən biri olan Mehriban Əliyeva birinci xanım adını da şərəflə daşıyır, dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim edir. Sadəliyi, səmimiliyi, mehribanlığı, nəcibliyi, humanistliyi, gözəl aurası ilə ətrafında xoş atmosfer yaradan Mehriban xanım haqqında “Washington Times” qəzeti belə yazır: “Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazıdır”. AZƏRTAC Mehriban Əliyevanın mənalı və şərəfli həyat yolunun, çoxşaxəli ictimai-siyasi fəaliyyətinin, insanpərvərlik, xeyirxahlıq missiyasının bəzi məqamlarına nəzər salır.
Mehriban xanımın ötən əsrin bütün mürəkkəbliklərinə baxmayaraq, mənəvi dəyərlərə, milli ənənələrə sadiq qalan ziyalı ailəsində böyüməsi onun bir şəxsiyyət kimi formalaşmasına mühüm təsir göstərib. Sonradan taleyi Azərbaycanın tanınmış bir ailəsinə bağlanıb - Heydər Əliyevin və Zərifə Əliyevanın gəlini olub. “Ailə mühitini müəyyənləşdirən amillər çoxdur, amma, yəqin ki, başlıcası bir ümumi dalğaya köklənən fikir və dəyərlərin birliyidir. Bir-birinə son dərəcə diqqətli münasibət çox vacibdir. Əgər ailədə hər bir kəs özünün vacibliyini və əvəzedilməzliyini duyursa, özünün müdafiə olunduğunu və sevildiyini hiss edirsə - bu, yalnız gələcək ailə səadətinin əsası deyil, həm də hər bir məqsədə çatmaq üçün möhkəm bir stimuldur”, – söyləyən Mehriban xanım qadının ailədəki rolu və ailəyə münasibətini hər zaman önə çəkib.
“Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda, çox xeyirxah bir insandır və təsadüfü deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır”, - Prezident İlham Əliyevin söylədiyi bu fikirlər isə Birinci vitse-prezidentin işgüzar və insani keyfiyyətlərini çox dəqiqliklə ifadə edir. O, həqiqətən də milyonların qəlbində ümid çırağına, xeyirxahlıq ünvanına çevrilib.
Mehriban Əliyevanın uğurla rəhbərlik etdiyi Heydər Əliyev Fondu iyirmi ilə yaxındır ki, Ulu Öndərin ideyalarının reallaşdırılması istiqamətində əvəzsiz xidmətlər göstərir. Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına, sosial rifaha hesablanmış addımlar, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafına yönəlmiş layihələrə verilən dəstək, xalqımızın xeyriyyəçilik ənənələrinin dirçəldilməsi üçün göstərilən aramsız səylər bu qəbildəndir. Heydər Əliyev Fondunun prezidenti bütün qərarları ilə millidir: Vətəninin tərəqqisinə xidmət edir, ölkəsinin mədəniyyətinin, təhsilinin, idmanının inkişafı üçün yorulmadan çalışır. Fondun xətti ilə hətta respublikamızın ən ucqar nöqtələrində inşa və bərpa edilən məktəb binaları, tibb məntəqələri buna misal ola bilər. Bu məqsədlə bir çox proqramlar və layihələr həyata keçirilib. Fond ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində də fəal iştirak edib və edir. Onun həyata keçirdiyi layihələr həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda böyük rəğbətlə qarşılanır.
Eyni zamanda, yer üzündə sülh və təhlükəsizlik, sivilizasiyalararası dialoq mühitinin formalaşması, tarixi-mədəni irsin qorunması kimi olduqca vacib məsələlərin həllinə Mehriban Əliyevanın verdiyi şəxsi töhfələr, etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsi sahəsində Azərbaycanın zəngin təcrübəsi dünya ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir və öyrənilir. Mehriban xanım multikultural dəyərlərin və milli mədəniyyətimizin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yorulmadan fəaliyyət göstərir. Məhz onun səylərinin nəticəsi olaraq İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin muğam və aşıq sənətimiz, “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”, “Dədə Qorqud irsi”, Azərbaycan kəlağayı sənəti Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb. Bundan başqa, Azərbaycan 2019-cu ilin iyulunda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi edib.
2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi onun Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi naminə zəngin və fədakar fəaliyyətinin, habelə yüksək təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi idi. “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam”, - həmin vaxt dediyi bu sözlərə sadiq qalaraq dövlətçiliyə layiqincə xidmət edir, üzərinə düşən vəzifənin öhdəsindən uğurla gəlir. Prezidentin də, ona inanan, ümid bəsləyən insanların da etimadını layiqincə doğruldur. O, gündəlik fəaliyyətində mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq meyarlarını əsas götürür, milli-mənəvi dəyərləri daim uca tutur.