Dünyaca məşhur “Forbes” nəşri Azərbaycan və Ukraynadakı mina problemini işıqlandıraraq bu ölkələrin ən əlverişli torpaqlarının minalarla çirkləndiyini və bu ərazilərin təmizlənməsinə nəhəng vəsaitlərin ehtiyac olduğunu gündəmə gətirib.
Araşdırmaçı jurnalist Cozef Hemmond məqaləsində Azərbaycanın Qarabağ bölgəsinin 30 illik işğaldan sonra azad edildiyi xatırladaraq bu regionun eynən Ukrayna kimi kütləvi şəkildə minalara məruz qaldığını oxucuların diqqətinə çatdırıb.
“Azərbaycan Sovet İttifaqının son günlərində erməni separatçıları tərəfindən zəbt edilmiş və 2020-ci ilə qədər otuz il işğal altında qalmış beynəlxalq səviyyədə tanınmış ərazilərinin böyük bir hissəsini geri alıb.
Ukrayna kimi, bu ərazilər də sovet dövrünün minaları ilə çox çirklənib və Ukrayna kimi, bu torpaqlar da Azərbaycanın istifadə etməyə ümid etdiyi kənd təsərrüfatı potensialına malikdir. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, davam edən minatəmizləmə işləri sayəsində ötən il orada 50 min hektara yaxın dənli bitkilər əkilib”, - o qeyd edib.
Məqalədə vurğulanıb ki, yüz minlərlə keçmiş məcburi köçkün öz evlərinə qayıtmağa və dağılmış şəhərləri bərpa etməyə ümid etdiyi üçün Azərbaycan minaların təmizlənməsini əsas prioritet hesab edib: “Region bir vaxtlar kənd təsərrüfatı məhsulları ilə tanınırdı”.
Müəllif yazısında bu məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərini də sitat gətirib.
“İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə dair bu zəruri ehtiyac Azərbaycanın “ən mühüm məsələlərindən” biridir, Prezident Əliyev ötən ay Azərbaycanın Qlobal Media Forumunda çıxışı zamanı bunu bir daha bəyan edib. Hələ də minalarla çox çirklənmiş Şuşa şəhərində yüzlərlə beynəlxalq nümayəndəyə müraciət edərək bildirib ki, azərbaycanlılar bölgəni bərpa etdikdən sonra minalardan 300-ə yaxın azərbaycanlı həlak olub və ya yaralanıb. Bu, Ukraynadakı oxşar hekayədir, lakin daha da kədərli. “Save The Children” QHT-sinin məlumatına görə, Ukraynada yaralananların səkkizində biri uşaqdır”, - C. Hemmond nəql edib.
Onun sözlərinə görə, minaların təmizlənməsi üçün ən böyük əngəllərdən biri xərcdir:
“Beynəlxalq Qızıl Xaç Komitəsinə görə, minanın istehsalının dəyəri nisbətən ucuz, yəni 3 dollardan 75 dollaradək olsa da, bir minanın çıxarılması 300-1 000 dollar arasında dəyişə bilər. Hətta zəngin təbii qaz ehtiyatlarına görə nisbətən varlı ölkə olan Azərbaycan üçün də bu, böyük problem yaradır. Ukrayna üçün bu, daha pis olacaq.
“Biz beynəlxalq şirkətlərdən bir neçə təklif almışıq ki, onlar bu sahədə işləsinlər. Təəssüf ki, qiymət çox yüksək idi. Mən təfərrüata varmaq istəmirəm, ancaq bu rəqəm bizdə olan rəqəmlərlə müqayisədə 8-10 dəfə artıq idi”, - Prezident Əliyev deyib.