Sosial şəbəkələr vasitəsilə vətəndaşların pul vəsaitlərinin kiber üsullarla talanması barədə müraciətlər üzrə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Pravda.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Qeyd olunub ki, bu sahədə müşahidə edilən əsas hüquqazidd hallardan biri də “kreditlə qızıl satılır” başlığı adı altında xüsusən “TikTok” sosial şəbəkəsində yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşların aldadılmasıdır. Sadalanan qanunsuz hallar nəzərə alınaraq bu tipli talama əməllərində şübhəli bilinən növbəti şəbəkənin üzvləri əvvəllər məhkum olunmuşlar - 1984-cü il təvəllüdlü Elvin Həsənov, 1988-ci il təvəllüdlü Loğman Zayidov və 1985-ci təvəllüdlü Ceyhun Kərimov rəqəmsal texnoloji metodlardan istifadə olunmaqla polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla həmin şəxslərin feyk səhifə və profillərində talamaya məruz qalanların dairəsi müəyyən edilib və qrupun bütün qanunsuz fəaliyyəti aşkarlanıb. Saxlanılan şəxslər vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçiriblər. Dəstə üzvləri izi itirmək məqsədi ilə “kreditlə qızıl” almaq üçün onlara pul köçürən şəxslərin hesablarını sonradan bloklayıblar və həmin vəsaitləri şəxsi hesablara köçürərək nağdlaşdırıblar. Dəstə üzvləri ifadələrində sosial şəbəkələrdə törətdikləri bu qanunsuz əməlləri ilə 150-dən artıq şəxsə maddi ziyan vurduqlarını etiraf ediblər.