“30 avqust beynəlxalq itkinlər günü” münasibətilə “Qarabağ İtkin Ailələri” İctimai Birliyi bəyanat yayıb.
Pravda.az-ın xəbərinə görə, bəyanatda bildirilir ki, XX əsrin 90-cı illərində Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazisinin 20%-i Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, nəticədə I Qarabağ müharibəsində dörd min nəfərə yaxın Azərbaycan vətəndaşı itkin düşmüşdür. Təəssüf ki, hərbi təcavüz nəticəsində hərbçilərlə yanaşı, aralarında uşaqların, qadınların və qocaların da olduğu yeddi yüzdən artıq mülki şəxs də itkin düşüb.
"İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərin, o cümlədən 29 uşaq, 98 qadın və 112 qocanın əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalması şahid ifadələri ilə təsdiq edilib.
Bir sıra hallarda isə insanlar ailə üzvləri və yaxınları ilə birlikdə itkin düşmüş, bütöv ailələr və nəsillər məhv edilmişdir. Araşdırmalar təsdiq edir ki, I Qarabağ müharibəsində 61 ailənin 2-dən 7-dək üzvü itkin düşmüş və onlar barədə bu illər ərzində heç bir məlumat verilməmişdir. Bu hal yalnız azərbaycanlı itkinlərin ailələrinə deyil, bütün insanlığa hörmətsizlikdir.
Faktlar və şahid ifadələri təsdiq edir ki, I Qarabağ müharibəsində Ermənistan hərbçiləri tərəfindən Azərbaycan Respublikasının suveren əraziləri işğal edilərkən beynəlxalq humanitar hüquq normaları kobud halda pozularaq mülki əhali hədəfə alınmış, qarşı tərəfin yaşayış məntəqələrinə qəfil hücumu zamanı evlərini tərk edə bilməyən ahıl insanlar yaşadıqları evlərlə birlikdə yandırılmış, döyülərək ağır işgəncələrə məruz qalmış, ağaclardan asılmış və ya güllələnmişlər.
Beynəlxalq humanitar hüququn və onun əsas mənbəyi olan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinə əsasən, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər barədə onların ailələrinin məlumat almaq haqqı birmənalı şəkildə tanınır. Lakin 30 ildən çoxdur ki, itkin düşmüş azərbaycanlıların ailə üzvləri bu hüquqdan məhrum edilmişdir. Ermənistanın itkin düşmüş azərbaycanlılar barədə məlumatları təqdim etməkdən imtina etməsi onların ailələrini əzab və iztirablara məhkum etmişdir. Ermənistanın qeyri-humanist mövqeyi nəticəsində minlərlə itkin ailəsi 30 ildir ki, bu dəhşətli faciənin acısı ilə yaşamağa məcbur edilmiş, yaxınları barədə məlumat ala bilməmişlər.
Məlumdur ki, I Qarabağ müharibəsində işğal edilmiş Azərbaycan əraziləri 30 il ərzində Ermənistan ordusunun nəzarətində olmuşdur. Bu səbəbdən itkin düşmüş bütün şəxslər, o cümlədən onların dəfn yerlərinə dair ətraflı məlumatlar Ermənistan tərəfindədir. Ermənistan Parlamentinin deputatı, Ermənistan Müdafiə nazirinin keçmiş müavini general-leytenant Qaqik Melkonyanın 2021-ci ilin dekabr ayında Ermənistan kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsi bunu bir daha təsdiq edir.
Həmin müsahibədə Qaqik Melkonyan 1994-cü ildə Azərbaycan Ordusunun həlak olmuş yüzlərlə hərbi qulluqçusunun meyitlərinin döyüş meydanında qaldığını və ermənilərin onları dəfn etdiyini bildirmişdir. Məsələ ilə bağlı Azərbaycan tərəfindən beynəlxalq təşkilatların vasitəçiliyi ilə Ermənistana rəsmi müraciət edilsə də, cavab alınmamışdır.