Bərdə rayonunda 1988-ci il təvəllüdlü Mübariz qısqanclıq zəminində həyat yoldaşı, 1997-ci il təvəllüdlü Təhminəni (adlar şərti verilib - red.) qətlə yetirib.
Teleqraf.com xəbər verir ki, Mübariz 2015-ci ildən rəsmi nikahda olduğu arvadı Təhminənin mobil telefonda aparılan yazışmalara və fotoşəkillərə baxdıqdan sonra əvvəllər tanımadığı şəxslərlə onun sevgi münasibətində olması və ona xəyanət etməsindən şübhələnib.
Bu səbəbdən arvadını öldürmək qərarına gəlib. Sentyabrın 6-da anasının istifadəsində olan mobil nömrə ilə arvadının müvəqqəti istifadə etdiyi nömrəyə zəng edib. Aralarındakı münasibətləri aydınlaşdırmaq üçün söhbət etmək bəhanəsi ilə onu qardaşı ilə birlikdə Bərdə şəhərindəki Heydər Əliyev adına istirahət parkına gəlməsinə nail olub.
Mübariz saat 15.15-də həmin parkın ərazisində arvadı ilə guya gələcək münasibətləri barədə təklikdə söhbət edəcəyini qaynına deyib və ondan 20-25 metr aralanıb.
Bu zaman Mübariz arvadının ona xəyanət etməsi və Bərdə rayonunun kəndində yerləşən yaşadıqları evdə başqa kişi ilə cinsi münasibətdə olması barədə təxminən 3-4 dəqiqə araşdırma yönümlü söhbət aparıb.
Daha sonra arvadının əvvəllər tanımadığı Tərtər rayon sakini Tahirlə qeyri-rəsmi münasibətdə olmasını özündə qətiləşdirdikdən sonra arvadının ona xəyanət etməsinə əmin olub. O, arvadına ümumilikdə 29 ədəd bıçaq xəsarəti yetirib. Qadın aldığı xəsarətlərdən vəfat edib.
İstintaq orqanı tərəfindən Mübarizin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
"Heç bir problem olmayıb"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mübariz ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Təhminə ilə 6 il əvvəl evlənib, evlilikdən bir qız, bir oğlan olmaqla 2 övladı doğulub.
Qeyd edib ki, Təhminəni Bakı şəhərində usta fəaliyyəti ilə məşğul olarkən Balaxanı qəsəbəsinə əmisi evinə qonaq gələrkən görüb, bəyənib və bir-birini seviblər: "Təhminə başqasına nişanlı olmasına baxmayaraq, mənimlə evlənməyə qərar verdi və birlikdə qaçdıq. Son 5 ili Bərdə rayonunun kəndində atamın evində birlikdə yaşamışıq. Kənddə həyətyanı torpaq sahəsində iki evimiz olub. Qardaşım Vasif ailəsi və anam ilə birlikdə bir evdə, mən osə eyni həyətdə, özümə məxsus digər evdə ailəmlə yaşamışam. Təhminə ilə son dövrlərə qədər aramızda heç bir problem olmayıb".
Təqsirləndirilən şəxs bildirib ki, hadisədən 10 ay əvvəl işləmək üçün ailəsi ilə birlikdə Balaxanıya, sonra isə Sumqayıt şəhərinə gedib:
"Bir müddət orada yaşadıqdan sonra yenidən Bərdə rayonuna qayıtdıq. Daha sonra tək işləmək üçün Naxçıvan vasitəsilə Türkiyə Respublikasına getməyə qərarına gəldim. Lakin həmin ölkədə əvvəl tətbiq edilən cəriməni ödəmədiyim üçün sərhədi keçməyimə icazə verilmədi. Türkiyənin konsulluğuna müraciət etmək üçün Naxçıvandan Bakı şəhərinə gədlim".
"Arvadımı döydüyünü dedi"
Mübarizin sözlərinə görə, 29 avqust 2021-ci ildə Bakı şəhərində olarkən arvadı Təhminə ona varsapda yazaraq tanımadığı bir kişinin evə daxil olub, onu döydüyünü, sonra getdikdən sonra eyni həyətdə yaşayan anası və qardaşına məlumat verdiyini bildirib:
"Az sonra qayınanam Sevda zəng etdi, yaşadığım evə bir nəfər kişinin girərək arvadımı döydüyünü dedi. Növbəti gün səhər kəndə gəldim. Təhminənin bədənində və üz nahiyəsində şişkinlik, göyərtilər vardı. Təhminənin məni aldatdığını hiss etdim. Ona məni aldatmamağı, hər şeyi baş verdiyi şəkildə düzgün danışmağı xahiş elədim. Bundan sonra Təhminə atası evinə getməyi qərara aldı. Onun istifadə etdiyi "Redmi" markalı mobil telefonu əlindən aldım. Təhminənin döyülməsi barədə Bərdə rayon polis şöbəsinə şikayət etdik".
Mübarizin ifadəsinə görə, Təhminə sentyabrın 6-a kimi atası evində qalıb, həmin müddətdə arvadının kimlərlə münasibətdə olması, evinə kimin gəlib-getdiyini araşdırmağa başlayıb: "Tahir adlı Tərtər sakininin teıefonla Təhminə ilə danışdığını öyrəndim. Həmçinin Təhminənin "İnstagram" sosial şəbəkəsində digər şəxslərlə də danışdığını aşkarladım".
"Sayını bilmədiyim zərbələr vurdum"
Təqsirləndirilən şəxsin sözlərinə görə, sentyabrın 6-da arvadına anasının mobil telefonu ilə zəng edib: "Bərdə rayon polis şöbəsinə verdiyi şikayət ərizəsilə maraqlanmaq adı ilə Təhminəni öldürmək məqsədilə şöbəyə getməli olduğunu desəm də, o, gələkdən imtina etdi. Bundan sonra Təhminənin qardaşı Əliyə zəng etdim. Ona Təhminə barədə görüşüb söhbət etmək istədiyimi bildirdim.
Əli ilə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən "Kolanı" adlanan kafenin yaxınlığında görüşdük. Əliyə bacısının əməlləri, Təhminənin düzgün yolda olmadığını danışdım. O isə Təhminənin qələt etdiyini, bir daha bacısının bu cür səhv etməyəcəyinə söz verdi.
Əli görüşə Təhminəni də özü ilə gətirdi. Onlar qohumlarının avtomobili ilə gəlmişdilər. Əli Tahir adlı şəxsi birgə döyməyi təklif etsə də, ona Bakıya gedəcəyimi, Tahiri tapmağa səbrim çatmadığını, sadəcə Təhminə ilə son dəfə danışaraq özünün bu söz-söhbət barədə nə düşündüyünü bilmək istədiyimi dedim.
Əli razılaşsa da, Təhminə əvvəlcə mənə yaxınlaşmağa qorxdu. Əli isə Təhminəyə "qorxma, sənə heç kim heç nə edə bilməz, gəl söhbət et" dedi.
Təhminə ilə parkın sol tərəfində, ensiz küçədə görüşdük. Əli bizə təklikdə gəzə-gəzə söhbət etmək üçün şərait yaratdı, təxminən 10-15 metr geridə arxamızca gəldi. Parkın sol tərəfindəki birinci qapıdan daxil olduqdan sonra dekorativ şam ağacının yanına çatdıqda, evin mətbəxindən götürdüyüm, qarın nahiyəmdə gizlətdiyim bıçağı çıxardım və ona zərbələr endirməyə başladım. Ölənə kimi sayını dəqiq bilmədiyim zərbələr vurdum.
Təhminənin qardaşı Əlinin qaçaraq mənə tərəf gəldiyini gördükdə isə əlimdəki bıçağı otluğa atdım. Sonra hadisə yerindən qaçdım. Asfalt yolu digər tərəfə keçdim və Daxili İşlər Nazirliyinin "102" Çağrı Mərkəzinə zəng etdim. Adam öldürdüyüm barədə məlumat verdim. Bir qədər sonra Bərdə rayon polis şöbəsinin əməkdaşları gələrək məni apardılar".
"Tez-tez döydüyünü dedilər"
İş üzrə hüquqi varis qismində tanınan mərhum Təhminənin qardaşı Əlinin sözlərinə görə, Təhminə onun kiçik bacısı olub, təxminən 7 il əvvəl Bakı şəhərində, Balaxanı qəsəbəsində yaşayan əmisi oğlunun toy mərasimində iştirak edərkən qonşuluqdakı evdə usta işləyən Mübariz bacısını görərək bəyənib: "Təhminə qonşumuza nişanlı olsa da, Mübarizə birlikdə evdən qaçdı. Əvvəl Təhminənin bu hərəkətinə etiraz etsək də, sonradan onunla barışdıq.
Mübariz Bakı və Sumqayıtda ev təmiri ilə məşğul olurdu, bəzi vaxtlarda Təhminəni də özü ilə aparırdı. Maddi vəziyyətiləri aşağı olduğu üçün özüm də arabir bacıma maddi kömək edirdim. 2018-ci ildə Təhminə Mübariz tərəfindən döyüldü və küsərək ata evinə gəldi.
Təhminə öldürüldükdən sonra Balaxanıda yaşadığımız yerdə olan qonşulardan bəziləri mənə zəng edərək son vaxtlar Təhminəni Mübarizin tez-tez döydüyünü dedilər".
"Məsələni qaydasına qoyacaqlarını dedi"
Hüquqi varis qeyd edib ki, 30 avqust 2021-ci ildə, təxminən saat 01-02 radələrində yaşadığı evdə olarkən bacısı Təhminə zəng edib və döyüldüyünü bildirib, onu həkimə aparmağını istəyib:
"Ondan qayınanası ilə qaynının harada olduğunu, döyülərkən niyə müdaxilə etmədiklərini soruşdim. Təhminə qayınanasının yanında olduğunu, qaynının isə həyətə və küçəyə baxdığını, məsələni aydınlaşdırmağa çalışdığını dedi. Həmin vaxt Təhminənin əri Mübariz işləmək məqsədilə Bakı şəhərində idi. Təhminə qayınanasının Mübarizə baş verənlər barədə məlumat vermək istəmədiyini, məsələni özlərinin qaydasına qoyacaqlarını dedi".
"Yol xərcini ödəyəcəyimi dedim"
Əli deyib ki, atası, anası və bacanağı ilə birlikdə Bərdə rayonunun kəndinə, bacısı evinə yola düşüblər: "Təxminən gecə saat 3 radələrində ora çatdıq. Mübarizin qardaşı Seymurun qohumu ilə birlikdə evin giriş qapısı qarşısında dayandığını gördük. Bacanağımdan avtomobili saxlamasını xahiş etdim. Ata-anamla evə daxil olduq. Təhminə həmin vaxt otaqdakı divanda uzanmış vəziyyətdə alın nahiyəsində şişkinlik, gözlərinin altında qaraltı, sağ qolunda göyərmələr, həmçinin başının arxa nahiyəsində şişkinlik vardı.
Ondan nə baş verdiyini, kimin onu bu hala sadığını soruşdum. Təhminə evdə uşaqlarla birlikdə yatarkən qəfildən otağın qapısının açıldığını, tanımadığı şəxsin içəri daxil olaraq onu vurmağa başladığını, mobil telefonunu verməsini tələb etdiyini, vermədikdə isə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirdiyini, səsə azyaşlı oğlunun oyanaraq qorxudan ağlamağa başladığını, evə girən şəxsin isə mobil telefonu əlindən zorla aldığını dedi.