Avqustun 31-də hökumətin iclasında çıxışı zamanı növbəti dəfə Azərbaycanı “soyqırımı” həyata keçirməkdə təqsirləndirən Ermənistanın baş naziri Nikol Paşinyanın heç bir əsas olmadan bu kəliməni bu qədər ucuzlaşdırması Ermənistanın məsuliyyətsiz manipulyasiya fəaliyyətinin təzahürüdür.
"Report" xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində əksini tapıb.
Bildirilib ki, ehtiyac olacağı təqdirdə erməni sakinlərə yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolundan istifadə ilə paralel olaraq, Laçın yolundan hərəkətin intensivləşməsi təklifinə qarşı çıxan ermənilərin bəzi nümayəndələrinin təxribatçı addımlarına etiraz etmək əvəzinə, Azərbaycanın erməni sakinləri ac saxladığı ilə təqsirləndirən Baş nazirə xatırlatmaq istərdik ki, hal-hazırda, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Ağdam-Xankəndi istiqamətinə göndərilmiş yük maşınları ərazidə Xankəndinə keçidi gözləyir: "Erməni tərəfinin əgər həqiqətən aparılan yüklərə ehtiyacları olsaydı, sülhməramlı kontingent tərəfindən yolun bloklanmasını tələb edərək bu yüklərin əraziyə keçidinə mane olmazdılar. Erməni sakinlərin yanaşması bir daha göstərib ki, Ermənistanın və erməni sakinlərin bəzi nümayəndələrinin “humanitar vəziyyət” ilə bağlı iddiaları siyasi manipulyasiyadan başqa bir şey deyil.