Dövlət Gömrük Komitəsinin əməkdaşı təsərrüfatında çoban işləyən qohumunu xüsusi ittiham qaydasında məhkəməyə verib. Qafqazinfo.az-ın əldə etdiyi məlumata görə, Balakən rayonunda gömrük orqanında işləyən Mübariz Ağayev iddia edib ki, dayısı oğlu Şahin Eldarov telekanallardan birində yalan məlumat verərək ona böhtan atıb.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, təqsirləndirilən Ş.Eldarov uzun müddət xüsusi ittihamçının təsərrüfatında çobanlıq edib, onun heyvanlarına baxıb. Aralarındakı qeyri-rəsmi razılaşmaya görə, M.Ağayev zəhmət haqqının əvəzi olaraq heyvanların bir hissəsini Şahinə verməli imiş.
Bir müddət sonra qohumlar arasında mübahisə yaranıb. M.Ağayev bütün heyvanları çobanlıq edən qohumundan alıb, əvvəlcədən olan sövdələşməyə də əməl etməyib.
Problemin həlli üçün təqsirləndirilən şəxs dəfələrlə Dövlət Gömrük Komitəsinə şikayət edib, qohumunun əməlləri barədə məlumat verib. Mütəmadi şikayətlər araşdırılıb və sözügedən şəxsin onun təsərrüfatında əmək müqaviləsi olmadan işlədiyi məlum olub. Bununla bağlı xidmət tərəfindən M.Ağayevə şiddətli töhmət də verilib.
Təqsirləndirilən şəxs bununla da kifayətlənməyərək televiziya kanallarından birinə müraciət edib, reportajda vəzifəli qohumunun onu aldatdığını, haqqı olan 180 baş heyvanı ona vermədiyini deyib. Xəbərlər buraxılışının aparıcısı isə təqsirləndirilən şəxsə münasibətdə “Çobanın haqqını kəsiblər, zəhmətinin qarşılığını vermirlər, halbuki gecəsini gündüzünə qatıb, evindən ayrı düşən bu şəxs böyük bir sürünü otarmaqdan başqa, onu canavar və çaqqaldan qorumaqla həyatını riskə atıb”, - ifadələrdən istifadə edib.