Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçıları, paytaxt qəsəbələrinin icra nümayəndələri və şəhərin təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə Bakıətrafı qəsəbələrində sanitar-təmizlik, qanunsuz tikintilər, küçə və yol kənarlarındakı obyektlərin qarşısında abadlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində paytaxtımız keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəlib, əhalinin həyat və mədəni səviyyəsi artıb. Şəhərin mərkəz ərazilərinin təmizliyini qeyd edən Eldar Əzizov Bakıətrafı qəsəbələrdə təmizliklə bağlı bir sıra problemlərin mövcudluğunu və qarşıda duran başlıca məqsədin qəsəbələrdə bu məsələlərinin şəhərin mərkəz hissəsi səviyyəsinə çatdırılması olduğunu bildirib.
BŞİH tərəfindən qəsəbələrdə aparılan monitorinqlərinin hesabatı dinlənilib və hazırlanan video-film nümayiş edirililib.