Masallı rayonunda 1986-cı il təvəllüdlü Məmməd qısqanclıq zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Vəfaya (adlar şərti verilib - red.) xəsarət yetirib.
Pravda.az musavat.com-a istxəbər verir ki, hadisə 2 sentyabr 2021-ci ildə Masallı rayonunun kəndində baş verib.
Məmməd arvadı Vəfanın mobil telefonda Bakı şəhər sakini İslamla danışaraq ona xəyanət etməsini düşünüb. O, şillə, yumruq, təpik zərbələri və taxta parçası ilə arvadının bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurub.
İstintaq orqanı tərəfindən Məmmədin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqisirləndirilən şəxs qismində ifadə verən Məmməd ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2012-ci Vəfa ilə ailə həyatı qurub, 2013-cü il və 2016-cı il təvəllüdlü övladları dünyaya gəlib: "2018-ci ildə arvadımın mənə xəyanət etdiyini hiss elədim. Onun mobil telefonla tanımadığı oğlanla danışığını tutdum. Arvadımla bu barədə söhbətlər etdim".
Təqsirləndirilən şəxs qeyd edib ki, sentyabrın 2-də səhər saat 7 radələrində evdən çıxıb, fəhləlik etmək üçün muzdlu işə gedib: "Həmişə işdən evə axşam saatlarında qayıdırdım. Həmin gün işim tez yekunlaşıdığından saat 13 radələrində evə gəldim. Dəhlizə daxil olanda azyaşlı övladlarımın otaqda səslərini eşitdim. Yataq otağına keçmək istəyəndə Vəfa ilə üz-üzə gəldik.
Vəfa məni görən kimi əlində olan mobil telefonu gizlətməyə çalışdı, bu zaman telefonda olan "WhatsApp" proqramında tanımadığım oğlan şəkilini gördüm.
Telefonu əlindən almaq istədim, Vəfa mobil telefonu vermədi və mənə müqavimət göstərdi. Az müddət dartışdıqdan sonra telefonu əlindən aldım. Dərhal evin həyətinə düşdüm və telefona baxdıqda arvadımın mesaj yazdığı tanımadığım oğlanın şəkilini və nömrəsini gördüm. Telefonu həyətdə gizlətdim və evə daxil oldum.
Azyaşlı övladlarımın arvadımla mübahisəni görməmələri üçün onları həyətə çıxartdım. Uşaqlar həyətə çıxdıqdan sonra arvadım telefonunu geri qaytarmağımı istədi. Lakin telefonu qaytarmadım".
Məmmədin ifadəsinə görə, bundan sonra mübahisə ediblər: "Vəfanın başqa oğlanla danışmasına bərk əsəbləşdim. Şillə, yumruqla onun bədəninin müxtəlif nahiyələrindən vurmağa başladım. Qısa müddət döydükdən sonra sakitləşdim. Lakin Vəfa yenidən mənimlə mübahisə etməyə başladı.
Vəfanı evin yataq otağında yerə yıxdm və bədəninin müxtəlif nahiyələrinə çillə, yumruq və sonda əsəbim sakitləşmədiyi üçün taxta parçası ilə bir neçə dəfə zərbələr vurdum. Sonra arvadımın əmisi Hətəmə zəng vuraraq məlumat verdim. Hətəm və qayınanam bizə gəldilər. Vəfanın vəziyyəti həmin vaxt normal idi. Mən evdən getdim. Saat 17 radələrində Hətəm mənə zəng etdi. O, Vəfanın vəziyyətinin pisləşdiyini və xəstəxanaya aparacaqlarını dedi. Bir müddət sonra polis əməkdaşları zəng vuraraq məni polis şöbəsinə çağıdılar".