Xəbər verdiyimiz kimi, keçmiş MTN-in idarə rəisi Akif Çovdarovun əmlakları yenidən müsadirə edilib. Bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib. Hakim Mirzəli Abbasovun sədrlik etidiyi hakimlər heyəti eyni məhkəmənin qəbul etdiyi əvvəlki qərar ləğv olunub.
Qeyd edək ki, Akif Çovdarov 2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun 30 milyon manatlıq əmlakı müsadirə edilib, general rütbəsindən məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilib.
Dövlət başçısının sərəncamı ilə Akif Çovdarov general rütbəsindən məhrum olunaraq əsgər rütbəsinə endirilib. 2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov azadlığa buraxılıb. Bundan sonra eks-general müsadirə edilmiş əmlaklarını geri qaytarmaq üçün mübarizəyə başlayıb.
2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi onun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib. Lakin bir müddət sonra Ali Məhkəmə prokurorun protesti əsasında həmin qərarı ləğv edib, işi yenidən araşdırılması üçün Apellyasiya Məhkəməsinə qaytarıb. Bəs Akif Çovdarovun müsadirə olunan əmlakları hansılardır? Qaynarinfo həmin siyahını təqdim edir:
- Bakı şəhəri Nizami rayonu Naxçıvanski küçəsi 50 ünvanında yerləşən ticarət və xidmət sahəsindən (meyvə-tərəvəz bazarı) ibarət əmlak kompleksi (dəyəri 8.100.000 manat);
- Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 560 kvadrat metr torpaq sahəsi (dəyəri 95.000 manat);
- Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsi (dəyəri 300.000 manat);
- Yasamal rayonu M. Xiyabani küçəsi 5-də yerləşən 250 kvadrat metr qeyri-yaşayış sahəsi (dəyəri 231.500 manat);
- Xətai rayonu M. Hadi küçəsində yerləşən binanın 147,4 kvadrat metr sahəyə malik 179 saylı mənzili (dəyəri 125.000 manat);
- Nəsimi rayonu, Bülbül prospekti ev 65, mənzil 38 (dəyəri 483.000 manat);
- Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,1073 ha torpaq sahəsi (dəyəri 86.000 manat);
- Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,0886 ha torpaq sahəsi (dəyəri 71.000 manat);
- Abşeron rayonu Novxanı kəndi Novxanı bağlar massivində yerləşən 1276 a nömrəli bağ evindəki 0,18 ha torpaq sahəsi və 222,31 kvadrat metr fərdi yaşayış evi (dəyəri 808.000 manat);
- Abşeron rayonu Novxanı kəndindəki 0,11 ha torpaq sahəsi və onun üzərindəki 241,9 kvadrat metr bağ evi (dəyəri 700.000 manat);