Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalının, Basarkeçər (Vardenis) rayonunun Nərimanlı kəndi haqqında xüsusi buraxılış hazırlanıb.
“Göyçəyə qayıdış üçün səfərbərlik istəyi” adlı verilişdə Nərimanlı kəndinin tarixi, etnoqrafiyası, mədəniyyəti, xalçaçılığı, mətbəxi, toyları, aşıq sənəti, bayram ənənələri, kənd təsərrüfatı və digər sahələrindən geniş söhbət açılıb.
Bildirilib ki, Nərimanlı kəndinin adı yarandığı ilk gündən XIV əsrin axırı XV əsrin əvvələrindən 1988-ci ilin dekabrına qədər dəfələrlə dəyişdirilərək Hüseynquluağalı, Çuxurlu, Çamırlı və Ortakənd olub. Kəndin sonuncu adı Nərimanlı isə böyük partiya və dövlət xadimi olan Nəriman Nərimanovun adı ilə bağlıdır. 1991-ci ildən isə ermənilər bu adı dəyişdirilib Şatvan qoyublar.
Qeyd olunub ki, relyefi tam düzənlik olan kəndin ərazisi 40 hektar sahədə yerləşib və 3 500 hektar torpaq sahəsi olub. Ondan 1 750 hektarı yaylaq, 150 hektarı əkənək, 1 600 hektarı isə otlaq sahələridir. Kəndin ərazisində adları türk toponimlərindən ibarət gəzməli və mənzərəli yerlər var. Onlardan Ağ çay, Qara çay, Qaraqoyunlu çay, Bağda çay və kəndin yaxınlığındakı Sünnü dərənin bulağı, Yellinin bulağı, Qıvla bulaq, Sarının bulağı, Dar dərənin bulağı, Telişin bulağı, Südlü bulaqlarını göstərmək olar. Kəndin 1920-ci ilə qədər 7 su ilə işləyən un dəyirmanı olub.
Ümumiyyətlə, Nərimanlı kənd əhalisi 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə doğma yurdlarından çıxarılaraq 3 dəfə qaçqın düşüb. 1988-1991-ci illərdəki dördüncü qaçqınlıq zamanı kənd əhalisi doğma yurdlarından çıxarılaraq Daşkəsən, Gəncə, Şəmkir, Xanlar (Göygöl), Bakı, Sumqayıt, Mingəçevir, Samux və başqa yerlərdə məskunlaşıb. Əhali bu günə qədər həmin yerlərdə yaşayır. Qaçqınlıq vaxtı kəndin 450-500 evi, 2 500-3 000 nəfərə yaxın əhalisi olub.