Uşaqlıqda ağ-qara televizorun ekranından tanıdığın, çəkildiyi filmlərə, teletamaşalara, oynadığı rollara maraqla və sevərək baxdığın aktyorları sonradan həyatda görməyin, onlarla həmsöhbət olmağın öz cazibəsi var. Xalq artisti, görkəmli aktyor Səyavuş Aslan da mənim üçün belə azman sənətkarlardan olub. Həm Musiqili Komediya Teatrının, həm Milli Dram Teatrının səhnəsində bir neçə roluna heyranlıqla tamaşa etmişəm. Böyük aktyorun böyük oyununa həqiqətən vurulmuşam. Ünvanına nə qədər “kaprizli” və “qapalı” desələr də, müsahibə üçün müraciətimə də “yox” deməyib. Ayrı-ayrı vaxtlarda Musiqili Komediya Teatrının yaxınlığındakı evində həm özü, həm həyat yoldaşı, tanınmış aktrisa Ofeliya Aslanla söhbətləşmişəm. Bu gün isə Səyavuş Aslanın haqqında xatirələr danışır. Hərçənd onunla bir səhnədə oynayan, bir filmdə, bir teletamaşada çəkilən aktyorların çoxu artıq həyatda yoxdur. Elə onun kimi özlərindən sonra izlərini qoyub dünyadan köç ediblər. Amma yaxşı ki, lentlərin və onu unutmayan sadiq tamaşaçıların yaddaşı, bir də çox az sayda onunla həmkar olan insanlar qalıb. “Kaspi” qəzeti sentyabrın 5-i - doğum günü ərəfəsində Səyavuş Aslanı məhz o sənət adamları ilə anıb:
“Ordan-burdan”da Səyavuş çəkiləcəkdi
“Deyə bilmərəm ki, Səyavuş Aslanla çox işləmişəm, 2 ya 3 əsərdə onunla işimiz olub. Amma bu gün “Səyavuş” deyəndə onun çəkildiyi səhnələr, onunla bağlı xatirələr göz önünə gəlir”- deyə tanınmış rejissor, Xalq artisti Ramiz Həsənoğlu xatırlayır: “Səyavuş unikal aktyor idi. Sergey Parajanov Bakıda “Aşıq Qərib” filmini çəkirdi. O filmdə gürcü aktyorunu çəkmişdi, amma səsləndirmək üçün Səyavuşu çağırdı. Filmdə altyazı Azərbaycan dilində gedirdi. Cavanşir Quliyev filmin bəstəkarı idi. Sonra Cavanşir mənə danışdı ki, Parajanov Səyavuşun aktyor imkanlarına valeh olub. “Siz onun imkanlarından niyə az istifadə edirsiniz?” - deyə heyrətini gizlətməmişdi. Elə aktyorlar var ki, onların potensialı dərhal görünür. Səyavuş da o aktyorlardan idi”. R.Həsənoğlu danışır ki, “Ordan-burdan” teletamaşasını çəkəndə Salman bəy roluna Səyavuşu dəvət edib: “Bir-iki epizodu çəkmişdim də. Amma Səyavuş qəfildən xəstələndi, böyrəyində daş vardı. Xəstəxanada yatmağa məcbur oldu. Biz çətin vəziyyətdə qaldıq, çünki Yeni il ərəfəsi idi və tamaşa efirə çıxmalı idi. Mən tamaşaya Cahangir Zeynalovu dəvət etdim. Hamı deyir ki, Cahangir unikal oynayıb. Bəli, razıyam, amma Səyavuş da çəkilsəydi, özünəməxsus oynayacaqdı”. R.Həsənoğlu tamaşaçılar arasında böyük rəğbətlə qarşılanan “Evləri köndələn yar” teletamaşasının davamını - “Evləri göydələn yar”ı çəkəndə yenə Səyavuş Aslanı dəvət edib: “Tamaşanın 28 ildən sonrakı davamı kimi o aktyorları çəkdim. Səyavuş, Yaşar Nuri… hamısı qocalmışdı. Səyavuş Aslan kimi aktyorlar təkrarolunmazdır. O, heç kəsə bənzəməyən, öz dəst-xətti ilə seçilən bir aktyor idi”.
Yumoru, görkəmi, danışığı…
Xalq artisti Hacı İsmayılov həmkarını Azərbaycan kinosu, teatrı və televiziyasının ən məşhur aktyoru kimi dəyərləndirdi: “Səyavuşla ilk görüşümüz 1963-cü ildə olub. O vaxt mən institutun 1-ci kursunda oxuyurdum. Xəzər rayonunun mədəniyyət sarayında Süleyman Ələsgərovun “Ulduz” operettası əsasında “Ulduz” filmi çəkilirdi. Mən orda 3 böyük sənətkarı - Lütfəli Abdullayevi, Bəşir Səfəroğlunu və Səyavuş Aslanı gördüm. Səyavuş üzügülərliyi, optimistliyi və cəldliyi ilə yadımda qaldı. Sonradan o, Musiqili Komediya Teatrında, mənsə Akademik Milli Dram Teatrında işlədiyimiz üçün o qədər də görüşlərimiz olmadı”. H.İsmayılov xatırlayır ki, müəyyən dövrdən sonra S.Aslan işləmək üçün Milli Dram Teatrına gəlmək istəyib. Amma… “Səyavuş Aslan komik aktyor olsa da, psixoloji-komik janrın nümayəndələrindən idi. Onda gülüş də, kədər də, sevinc də vardı. Bizim teatrda çalışmaq istəyirdi.