Hacıqabul Rayon Polis Şöbəsinə “Aztelekom” İstehsalat Birliyinin Hacıqabul Telekommunikasiya Qovşağının Atbulaq kəndi ərazisində yerləşən inzibati binasından bir ədəd elektrik generatorunun oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olan məlumatla əlaqədar polis əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq faktını törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Vahid Zairov və Bakı şəhər sakini Rövşən Heydərovu saxlayıblar.
İlkin dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edərək, qabaqcadan əlbir olaraq Atbulaq kəndi ərazisində yerləşən inzibati binaya dəmir barmaqlıqları qırmaqla qanunsuz daxil olduqlarını, oradan dəyəri 1 000 manatdan artıq olan bir ədəd elektrik generatorunu ələ keçirdiklərini və Bakı şəhəri ərazisində dəyərindən ucuz qiymətə satdıqlarını bildirib.