Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Rəcəbə (Səbuhi Vaqifoğlu) hökm oxunub və o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qeyd edək ki, ötən prosesdə prokuror Eldar Həmzə çıxışı zamanı məhkəmədən S.Rəcəbin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttiham aktına əsasən, S.Rəcəb tanışı Şahin Əliyevi Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib və onun ümumilikdə 250 min manatını dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə yolu ilə tanışı Səbinə Əliyeva birlikdə iş görüb, qazanc əldə etməsinə dair yalan vəd verib. S.Rəcəb bu adla ondan ümumilikdə 40 min manatı dələduzluq yolu ilə alıb.