“Bir yaş dörd aylığında qızı övladlığa götürmüşəm. Qızın 10 yaşı olanda bioloji anası ortaya çıxıb və məxfiliyi pozaraq yeniyetməni psixoloji təsirlə öz tərəfinə çəkib”. Bu iddiaları Bizim.media-ya yeniyetməni övladlığa götürən Lənkəran sakini Təhminə Əliyeva səsləndirib. O, 14 yaşına qədər böyüdüb boya-başa çatdırdığı qızını geri istəyir:
“Həkimlər heç vaxt övlad sahibi olmayacağımı demişdilər. Bu qızı mən 2011-ci ildə Lənkəranda övladlığa götürdüm. Atası həbs olunmuşdu, ana isə övladından rəsmi ərizə ilə imtina etmişdi. Hətta ərizəsində qeyd etmişdi ki, uşağı geri götürmək tələbim olmayacaq. Heç o vaxtlar mən qızın ailəsini də tanımamışam. Dövlət tərəfindən bu uşaq mənə verildi və rəsmi adımıza keçirdik.
Uşaq məktəbdə əlaçıdır. Dördüncü sinifdə oxuyanda bioloji anası məktəbə gedib, uşağa bizim barəmizdə yanlış fikirlər söyləyərək öz tərəfinə yönəldib.
Hətta deyib ki, guya qızı xəstəxanada dünyaya gətirəndə mən oğurlamışam. O gündən uşaq evə sığışmadı. Hər gün ağlayıb, taleyindən şikayətlənirdi. Ona psixoloq tutdum və dəfələrlə söhbət etdim. Deyirdi ki, anamın ərinin yaxşı imkanı və obyektləri var. Mənim üçün hər şey edəcəklər-filan...
Qadın qızla görüşüb, şirnikləndirici vədlər verirmiş. Əl çəkmirdi və hər dəfə qızla görüşməyə davam edirdi. Bir dəfə də dayısı məktəbə gəlib qızı zorla aparmaq istəyib. Sonra bizi məhkəməyə verdilər. İşə Lənkəran Rayon Məhkəməsində baxıldı və lazım olan bütün sənədləri təqdim etdim. Məhkəmə bioloji ananın yaşayış yeri və rəsmi nikahda olmadığını əsas gətirərək qızın məndə qalmasına qərar verdi”.
Təhminə Əliyevanın sözlərinə görə, böyütdüyü qızın bioloji anası və dayısı ilə uzun müddət əlaqəsi olduğunu bilmirmiş:
“Avqustun 20-də qəfil qızı aparıblar. 15 gündür qız dayısının evindədir və geri dönmür. Dalınca getdim, qız mənimlə danışmaq belə, istəmədi. Böyütdüyüm övladın mənə qarşı dönməsi və böhtan dolu fikirlər səsləndirməsindən şoka düşdüm. Heç olmasa, ana uşağın iki yaşı olanda gələrdi. 10 ildən sonra ortaya çıxıb uşağı aparmaq nə deməkdir?
Aidiyyəti dövlət qurumlarına müraciət etmişəm. Absurd cavablar eşidirəm. Deyirlər ki, doğma anasının və dayısının evindədir, sən niyə narahat olursan? Necə yəni, mən illərlə ona analıq etmişəm, əziyyətini çəkmişəm. Uşağın beynini yalanlarla doldurub mənə düşmən etmək hansı qanuna, çərçivəyə sığır?
Qonşuların dediyinə görə, uşaq o evdə təzyiq altında saxlanılır və evinə qayıtmaq istəyir. Onunla əlaqə qura da bilmirəm. Dayı kimdir ki, uşağı evində saxlayır? Onun rəsmi anası və atası var. O bizim yanımızda olmalıdır. Lənkəranda 7 saylı orta məktəbdə təhsil alır və bu il 9-cu sinifdə oxumalıdır. Dərsə sayılı günlər qalıb. Onu məktəbdən uzaqlaşdırırlar. Hazırlıqlara qoymuşam və dörd müəllim yanına gedir”.