Bir zamanlar Azərbaycanın Dövlət Bayrağında qırmız rəng “avropalaşmaq” kimi təbliğ edilirdi. Vətənsevərliyin ideoloqu Əli bəy Hüseynzadə isə “Avropanın beynini həzm edək, mədəsində həzm olunmayaq” vəsiyyətini etmişdi. Bunu el arasında deyilən “mollanın oxuduğuna əməl edin, etdiyinə yox” misalı da təsdiqləyir.
Doğrudan da, Azərbaycan Xalq Cümhuriyyəti dövründə, eləcə də ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Əli bəy Hüseynzadənin vəsiyyəti özünü təsdiqləyib.
Azərbaycana və Ermənistana münasibətdə tutduğu tərəfli mövqedə Qərb özünü daha çox ifşa edir. Qərbin bir sıra təşkilatları, siyasiləri və KİV-in davranışındakı qərəzliliyə dair yeni-yeni faktlar üzə çıxır. Azərbaycan ictimaiyyəti Avropa İttifaqı Şurasının sədr müavini Eva Kaylin törətdiyi cinayət əməlini unutmayıb. Onun da üzv olduğu “Ermənistanla dostluq qrupu” adı uzun müddət “çirkli pulların yuyulmasında” hallanan erməniəsilli milyarderlər tərəfindən maliyyələşdirilib. Araşdırmalar nəticəsində məlum olub ki, Avropa Parlamentində Azərbaycan və Türkiyəyə qarşı korrupsiya ilə məşğul olan qrup da fəaliyyət göstərib. Yaxud “Vaşinqton Post” qəzetinin aparıcı müxbiri sayılan Devid İqnatiusun anti-Azərbaycan, anti-Türkiyə fəaliyyətini yada salmaq olar.
Bu siyahıya NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen və BBC də qoşulub.
Bu ilin yazında o, İrəvana səfəri zamanı Azərbaycana qarşı açıqlaması ilə yadda qalmışdı. ABŞ Respublikaçılar Partiyası Milli Komitəsinin üzvü Saul Anuzis “Euronews” üçün yazdığı məqalədə Alyansın keçmiş baş katibinin Azərbaycana münasibətini tənqid edərək onu yalan məlumat yaymaqda ittiham etmişdi. Müəllif bildirib ki, Ermənistan hökumətinin “ödəniş” elədiyi Foq Rasmussen Azərbaycanın guya Laçın-Xankəndi yolunu blokadaya aldığını da iddia edib. Foq Rasmussenin korrupsiyaya bulaşması vaxtilə rəhbərlik etdiyi NATO-nun nüfuzuna da xələl gətirir. Bu baxımdan, onun Alyansa baş katib olduğu dövrün araşdırılmasına da ehtiyac yaranıb.
Qeyd edək ki, Rasmussen həm də anti-müsəlman fəaliyyəti ilə seçilən hökumət başçısı olub. Danimarkada Baş nazir olanda yerli “Jyllands-Posten” qəzeti Məhəmməd peyğəmbər haqqında təhqiredici material yaymışdı. Hökumətə başcılıq edən Rasmussen hadisəyə görə üzr istəməmişdi. Onun bu laqeyd davranışı müsəlmanların etirazı ilə qarşılanmışdı. 2009-cu ildə Rasmussenin NATO-da Baş katib postuna namizədliyinə Məhəmməd peyğəmbərin karikaturası ətrafında yaranmış qalmaqala görə Türkiyə etiraz etmişdi. 2009-cu ilin aprelində onu bu postda həmsoyadlısı Lars Lekke Rasmussen əvəzləyib. Çox maraqlıdır, Anders Foqun yerinə baş nazir olan Lars da rüşvətxorluqda ittiham olunub.
Bu, başqalarını korrupsiyada və “çirkli pulların yuyulmasında” ittiham edənlərin vəziyyətidir. Belə görünür ki, Avropada rüşvətxorları və ya bu cinayətə laqeyd olmayanları vəzifəyə gətirirlər. Yaxud onları ifşa etmək üçün hökumət başçısı təyin edirlər. Rasmussen Ermənistan hökumətindən rüşvət, yaxud “ödəniş” almaqla mənsub olduğu Qərb cəmiyyətinə ləkə vurub.