Sentyabrın 7-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, qonaqları salamlayan nazir Azərbaycanın Türkiyə ilə əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini, ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərini, onun “Bir millət, iki dövlət” siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırladıb.
Azərbaycanda mövcud olan sabitliyin əhəmiyyətini xüsusi qeyd edən nazir bildirib ki, asayişin və təhlükəsizliyin etibarlı qorunması vətəndaşlarımızın, xarici investorların, o cümlədən türkiyəli iş adamlarının ölkəmizin iqtisadiyyatına sərmayə qoymalarına və əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələrinə əlverişli şərait yaradıb.
Nazir Azərbaycan Polisinin və DİN-in Daxili Qoşunlarının respublikada ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə əldə etdiyi müsbət nəticələri də nəzərə çatdıraraq fəaliyyətin təkmilləşdirilməsinə Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin xüsusi rolunu və xidmətlərini məmnunluqla vurğulayıb və cənab Ali Yerlikayanın şəxsində Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin rəhbərliyinə təşəkkür edib.