7 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
XİN-dən bildirilib ki, görüşdə, Azərbaycan və Ermənistan arasında sülh prosesi, habelə regionda mövcud vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov, Ermənistan tərəfinin sülh gündəliyinə xələl gətirən, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş bəyanat, ritorika və təxribatlarının regionda davamlı sülhün bərqərar edilməsinə yönələn səy və təşəbbüslərə xələl gətirdiyini diqqətə çatdırıb. Ölkəmizin Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə sadiqlik nümayiş etdirməsinə baxmayaraq, Ermənistanın ölkəmizin daxili işlərinə qarışmasının qəbuledilməz olduğu vurğulanıb.