“Dünən Ədliyyə Nazirliyi Müasir Müsavat Partiyasına müsbət cavab verdi. Biz sənədləri təhvil verərkən 10 min üzv qaydasını təklif etmişdik. Hətta sənədlərimizi verərkən partiyada nə qədər insan ola bilər, insanlar partiyalara necə cəlb olunur və s. bütün bu formaların hamısını nəzərə almışdıq. Lakin elektoratı olmayan bəzi partiyalar cığallıq etdilər, parlamentdə müzakirələr edib bu məsələyə etirazlarını bildirdilər. Nəticədə üzv sayını 5 minə endirdilər”. Bu sözləri Yenisabah.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib. O, sənədlərini Ədliyyə Nazirliyinə təhvil verən 27 siyasi partiyadan 16-sının qeydə alınmasına, həmçinin 11 siyasi partiyanın aqibəti barədə fikirlərini də bölüşüb.
Partiya sədri deyib ki, qanuna dəyişiklik vacib idi:
"Çünki “Siyasi partiyalar haqqında” öncəki qanun 30 il öncə qəbul edilmişdi. Lakin 30 il müddətində böyük fərqlər olmuşdu, siyasi hadisələr baş vermişdi. Ona görə də qanuna dəyişikliklər təqdirəlayiqdir.
O ki qaldı elektoratı olmayan partiyaların cığallıq edərək qeydiyyata alınmasına, gərək, insanların özündə ədalət olsun. “Mən partiya sədriyəm” demək partiya sədri olmaq demək deyil. Partiya sədrinin arxasında kütlə olmalı və onu sevməlidirlər. Ona görə də bizim üçün 5 min üzv toplamaq heç bir şey idi. Çünki 4 dəfə Prezident seçkilərində vahid namizəd çıxaran partiya üçün bu, aşağı rəqəm idi. Hətta biz 10-20 min nəfərlik sənəd də verə bilərdik. Çünki bizim elektorat bazamız, rayon təşkilatlarımız var. Buna baxmayaraq, bunu da qısqanclıqla qarşılayan partiyalar oldu. Bizə məlumatlar çatırdı ki, onlar əleyhimizə təbliğat aparırdılar”.
MMP lideri xatırladıb ki, bu gün ReAl, Müsavat və AXCP-nin qeydiyyat məsələsi hələlik tamamlanmayıb:
“Açığını deyim ki, ReAl-ın 3-4 nəfərdən başqa üzvü yoxdur. Bu partiya cığallıq, satqınlıqla məşğul olan bir partiyadır. ReAl-ın sədri həbsdən çıxandan sonra dövləti şərləyərək 160 min manat pul alandan sonra səsini kəsdi. Daha sonra cığallıqla ReAl-a parlamentdə deputat mandatı verildi, qazanmadı. Yadınızdadırsa, ReAl-ın deputatı Erkin Qədirli Avropa Şurasında ermənilərə müsahibə verərək dedi ki, mən özüm də parlamentə seçilməmişəm. Bu, Azərbaycan dövlətinə bir zərbə idi”.