Sumqayıt şəhərində 1994-cü il təvəllüdlü Valeh şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı Ramilə (adlar şərti verilib - red.) xəsarət yetirib.
Pravda.az Teleqraf.com-a istinadən bildirir ki, hadisə Sumqayıt şəhəri, H.Zeynalabidin qəsəbəsində baş verib.
İstintaq orqanı tərəfindən Valehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Valeh ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü saat 12 radələrində əvvəllər işlədiyi H.Zeynalabdin qəsəbəsində yerləşən "Dost" Telecoma girib: "Əvvəlki iş yoldaşım satıcı Səlimənin rəfiqəsi Səidənin ağlamaq istədiyini gördüm. Səidə mənim dostum Bəhruzun bacısıdır, onları uşaqlıqdan tanıyıram. İçəri daxil olanda bir nəfər tanımadığım şəxsin də orada olduğunu gördüm. Mən gələndə həmin oğlan çıxdı. Qızdan nə baş verdiyini soruşdum. Səidə də həmin oğlanın onun adını "İnstagram" sosial şəbəkəsində etiraf səhifəsində paylaşdığını dedi. Telefon dükanından çıxdım və oğlanı çağırdım. Adını soruşdum, Ramil olduğunu dedi. Ona təklikdə söhbət etməyi təklif etdim".
Təqsirləndirilən şəxs qeyd edib ki, onunla birlikdə işlədiyi "playstation" klubun arxasına gediblər:
"Ramildən "İnstagram"da etiraf paylaşaraq Sədinənin adını yazıb-yazmadığını soruşdum. O da əvvəl boynuna almadı. Mən də əsəbləşərək sifətindən, dodağından iki dəfə əlimlə vurdum. Ramil əvvəl yazdığını, sonradan sildiyini etiraf etdi. Ondan sonra sakitləşdim, Ramilin dişlərində breket olduğu üçün dodağı qanadı. Ramili apardım, əl-üzünü yudu, üzr istədi və yanlış etdiyini dedi. Mən də onu yola saldım. Hətta öpüşüb görüşdük, onu vurduğum üçün üzr istədim, əsəbi olduğumu dedim".