Nəsimi rayonunda izini itirmək məqsədi ilə hotel otaqlarında gecələyən qadın narkobaron və onun tərəfindən narkokuryerliyə cəlb edilən şəxslər saxlanılıb.
Əməliyyatda Şirvan şəhər sakini olan Gülnar Əhmədova tutularaq istintaqa təqdim edilib. Onun Nəsimi rayonunda yerləşən otellərin birində müvəqqəti qaldığı nömrəyə baxış zamanı 2 kiloqrama yaxn heroin, metamfetamin, tiryək, marixuana, həşiş və psixotrop tərkibli dərmanlar aşkar olunaraq götürülüb.
Gülnar Əhmədova külli miqdarda narkotik vasitəni satmaq məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu naməlum şəxsdən aldığını bildirib. O, polis əməkdaşları tərəfindən tutulmamaq və izini itirmək məqsədi ilə mütəmadi olaraq yaşayış yerini dəyişdiyini, bu məqsədlə də əsasən otellərdə gecələdiyini bildirib.
Şirvan şəhər sakini olan Gülnar Əhmədova 2015-ci ilin oktyabr ayında Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb. "Bandotdel” əməkdaşları əvvəlcə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini Səbuhi Məmmədov və Hacıqabul rayon sakinləri - Güləhməd Mirzəyevlə Natiq Kazımovu saxlayıb.
Aparılan araşdırma nəticəsində onların Gülnar adlı şəxs vasitəsi ilə barələrində rüsvayedici videolar yayacaqları hədəsi ilə bir neçə vətəndaşdan külli miqdarda pul aldıqları da müəyyən edilib. Şirvan şəhər sakini Gülnar Əhmədova da saxlanılaraq istintaqa cəlb edilib.

