Azərbaycanla Türkiyə bütün istiqamətlər üzrə, o cümlədən diplomatik sahədə qarşılıqlı maraq doğuran məsələləri əlaqələndirir, bir-birinin mənafelərinə uyğun addım atırlar. Bu, hazırda kifayət qədər həssas olan regional məsələlərdə özünü daha qabarıq şəkildə büruzə verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı məsələsinin pərdərxası Azərbaycan-Türkiyə qardaşlığının nə dərəcədə möhkəm əsaslara malik olduğunu bir daha təsdiq edir. “Qafqazinfo”nun diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, son üç gün ərzində Ermənistan baş nazirinin ofisi Paşinyanla Ərdoğan arasında telefon danışığının baş tutması üçün ciddi cəhdlər göstərib.
Türkiyə tərəfi qardaşlıq münasibətlərinə uyğun olaraq Azərbaycan tərəfinə müraciət edib, Prezident İlham Əliyevlə Türkiyə lideri Ərdoğan arasında telefon danışığı zamanı digər məsələlərlə yanaşı, bu məqam da müzakirə olunub, Azərbaycanın mövqeyi öyrənilib.