“Əziz insanları hər zaman yanında görmək istəyirsən. O da mənim valideynlərimdir. Valideyn yarası heç zaman sağalmır. Yeni il gecəsi anam, üç ay sonra isə bacım Novruz bayramında dünyalarını dəyişdilər. Anamın vəfatından sonra iki ay dərin stres yaşadım. Bu itkini çox dərin keçirdim. Özümdə deyildim. Mənə söz deyirdilər, eşitmirdim. Bir şey deyirlər, yadımda qalmırdı”. Bizim.media xəbər verir ki, bu sözləri Əməkdar artist Zakir Əliyev verilişlərin birində deyib.
Anasını və bacısını itirən sənətçi bildirib ki, bu ağrını və acını dünyaya gələn qızı ilə ovutmağa çalışıb:
“Bacım dünyasını dəyişəndən sonra bir təsəlli kimi Allah bizə övlad payı verdi. Uşaq mələk idi. O, dünyaya gələndən sonra xəstəxanadan çıxaranda avtomobildə onu qucağıma aldım, inanmadım ki, bu uşaq mənim övladımdır. O, ay parçası kimi bir uşaq idi. Övladımın dünyaya gəlməsi məni o dərin stresdən çıxardı. O uşaq sanki dünyamı dəyişdi”.