Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan hədə-qorxu ilə 4 milyon manatdan çox pul tələb etməkdə ittiham olunan Vahid Xələfovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. "Qafqazinfo”nun məlumatına görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
İttihamda deyilir ki, təqsirləndirilənlə zərərçəkmiş şəxs əvvəldən tanış olublar. Onların arasında uzun müddət borc üstündə mübahisə olub. Bu mübahisələr bir neçə dəfə məhkəməyə qədər gedib çıxsa da, hər dəfə qərarlar təqsirləndirilən şəxsin əleyhinə olub.
Bütün bunlardan sonra V.Xələfov zərərçəkmişlə aralarındakı məsələni həll etmək üçün plan qurub. Belə ki, V.Xələfov əvvəlcədən tanınmaması üçün tədbirlər görərək əyninə ağ rəngli karantin kamuflyajı kombinezonu geyinib, üzünə tibbi maska taxaraq H.Xəlilovun evinin qarşısına gəlib. O, həmin ərazidə dezinfeksiya işləri aparırmış kimi davranıb, Xəlilovun evdən çıxmasını gözləyib.
H.Xəlilov "Lexsus 570" markalı avtomobillə evdən çıxıb küçə ilə hərəkət edən zaman təqsirləndirilən şəxs maşının qarşısını kəsib. Həmin vaxt zərərçəkmişin həyat yoldaşı da avtomobildə olub.
İttihama əsasən, təqsirləndirilən şəxs H.Xəlilovu təhqir edib, əlində olan dərman səpən aparatdan silah qismində istifadə edərək avtomobilə zərbələr endirib. Daha sonra o, üzərində olan MP- 654K markalı pnevmatik tapançanı Xəlilova tuşlayaraq hədə-qorxu ilə 4.165.000 manat pul tələb edib.