Sentyabrın 11-də Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin sentyabrın 9-da keçirilmiş “seçkilər” adlı qanunsuz fəaliyyəti barədə beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıblar.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd edilib ki, müraciətdə Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaratdığı qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyətin Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğu bildirilir. Separatçı qondarma rejimin Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində 30 ilə yaxın müddətdə davam etmiş təcavüz və etnik təmizləmə siyasətinin birbaşa nəticəsi olduğu, bu rejimin mövcudluğunun Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində mümkün olduğu vurğulanır.