Milli Məclisin deputatı Rasim Musabəyovun "Paşinyan avara siyasətçidir, çünki keçmişdə jurnalist olub" - deyə fikirlər səsləndirməsi birmənalı qarşılanmayıb. Lakin bu fikirlər jurnalistlər tərəfindən birmənalı qarşılanmadı. Hətta bəziləri iddia etdi ki, deputat bu ifadəni bilərəkdən işlədib və məqsədi erməni baş naziri yox, Azərbaycan jurnalistlərini təhqir etmək olub. Məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar jurnalist Elçin Şıxlı millət vəkilinin bu fikirləri jurnalistləri aşağılamaq üçün işlətmədiyini bildirib:
"Rasim Musabəyov jurnalistləri aşağılamaq istəməyib. Sadəcə olaraq, o, Paşinyana o qədər qeyri-ciddi yanaşır ki, belə deyir. Paşinyan hətta rəssam belə olsaydı, Musabəyov deyəcəkdi ki, bundan nə prezident çıxacaq, rəssam olub. Yəni bu, Paşinyanın özünün doğurduğu neqativ reaksiyadır, bu onun yaratdığı imicdir. Bu sözlərin deyilməsi də ondan irəli gəlir.
O ki qaldı jurnalistlərə cəmiyyətdə qeyri-ciddi peşə sahibləri kimi yanaşılmasına, bunun günahkarı elə özümüzük. Çünki bizim sıralarımızda o qədər qeyri-ciddi, peşəsini sevməyən, adekvat olmayan, peşəsinin nə demək olduğunu anlamayan, peşəsinə yalnız gəlir mənbəyi kimi yanaşan, acgöz, savadsız şəxslər var ki, onlar peşəkar jurnalistləri üstələyiblər. Ona görə, cəmiyyətdə belə ümumi fikir yaranır ki, jurnalist peşəsi ciddi peşə deyil. Əslində bütün dünyada jurnalist peşəsi çox hörmətlidir və dördüncü hakimiyyət hesab olunur. Jurnalistika olmasa, dövləti düzgün şəkildə idarə etmək olmaz.
Məsələn, Amerikada iki jurnalist prezidentin işdən qovulmasına gətirib çıxaran bir yazı yazmışdılar. Almaniyada yaxın tarixlərdə prezidentin vəzifədən getməsinin səbəbkarı da məhz jurnalistlər idi".