Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan, Türkiyənin Kayseri şəhərində fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri Əlixan Məhərrəmlinin cinayət işi üzrə ibtidai araşdırma başa çatıb.
Cinayət işi üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq.
Əldə etdiyimiz məlumata görə, Ə.Məhərrəmli ilk olaraq dələduzluqda ittiham edilib, sonradan onun əməli hədə-qorxu ilə tələb etməyə tövsif olunub.
İttihama görə, o, Türkiyədə təhsil alan S.Əkbərovanı (şərti) guya qeyri-qanuni hərəkətləri ilə əlaqədar şantaj edərək ondan 68 min manat tələb edib. Tələbə bu barədə anasına məlumat verdikdən sonra da təqsirləndirilən şəxs şantaja davam edib.