Abşeronda 27-BV-286 dövlət nömrə nişanlı, “Lada” markalı avtomobilin sürücüsü, 1995-ci il təvəllüdlü Şəmistan Qəmbər oğlu Mirişli yenidən avtoxuliqanlıq etdiyinə görə saxlanılıb. “Qaynarinfo”nun məlumatına görə, Şəmistan Mirişli saxlanılan zaman H.Əliyev prospektində idarəsində olan avtomobilin Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən duracağa aparılmasına mane olmaq istəyib.
Hadisə yol polisi əməkdaşı evakuator çağırıb avtomobili cərimə meydançasına aparmaq istəyən zaman baş verib. Yol polisi əməkdaşı əlavə kömək çağırıb. Kömək üçün Post-Patrul Xidməti əməkdaşları hadisə yerinə gəlsələr də, Şəmistan Mirişli yenə avtomobilini çərimə meydançasına aparmağa mane olub.
Polis əməkdaşları avtomobili evakuatora qaldırmaq istəyən zaman Ş.Mirişli maşının yük yerindən ikilitrlik plastik qabda olan benzini götürüb və avtomobilin damına çıxaraq, arxa yük yerinin, polisin və özünün üzərinə töküb. Polis əməkdaşlarına bildirib ki, avtomobilini çərimə meydançasına aparsalar, maşını və özünü yandıracaq. Daha sonra əlində olan alışqanla avtomobilinin üzərinə tökdüyü benzini alışdırıb.